Sabiq təhsil naziri Misir Mərdənov “Müsavat TV”yə müsahibəsində Azərbaycanın indiki təhsil sistemi ilə bağlı tənqidlər səsləndirib.
Pravda.az xəbər verir ki, sabiq nazir müsahibəsində təhsilin bir çox istiqamətlərindən gileylənib.
“Xatırlayıram, əvvəllər təbaşir, elektrik lampalar çətin tapılırdı, partalar köhnə idi, istilik sistemi işləmirdi. İndi bu problemlərin heç biri yoxdur, hamısı həll olunub. Amma bunun qarşılığında məzmun, metodika, müəllimlərin səviyyəsi necədir? Müasir tələbatı ödəyirmi? Bütün bunları keçmişlə müqayisə etsək, təhsilin səviyyəsi müsbət tərəfə dəyişməyib. Təəssüf ki, bizdə son illər müasir texnologiya elmi və təhsili qabaqlamaqdadır. Uşaqların fiziologiyasını, sağlamlığını mütləq nəzərə almaq lazımdır. Uşağın hər yaşda nə qəbul etməsinin böyük əhəmiyyəti var. Adına “şəxsiyyətyönümlü təhsil” deyirik. Təəssüf ki, bizdə imtahanyönümlü təhsil daha çox danışılır. İl ərzində mətbuatın monitorinqini keçirsən, görərsən ki, 90% imtahanyönümlü təhsildən danışılır. Əlifbanı bilməyən uşaqdan imtahan götürülür. Belə şey olarmı? Yaponiya 100 il bizdən irəlidədir, amma orada ibtidai siniflərdə imtahan deyilən şey yoxdur. Heç bizim dərslər kimi dərs də yoxdur. Bir uşaqdan nə qədər imtahan götürmək olar? Heç kim də bilmir ki, bu imtahanın sualını kim hazırlayır? Bu suallar uşağın yaşına uyğundurmu? Yaxud biz məktəbdə uşağa həmin suallara uyğun bilik və bacarıq verə bilirikmi? Kobud da olsa, belə bir misal var - qaşıqla verirsən, ancaq çömçə ilə istəyirsən... Bu gün təhsildə qaşıqla veririk, çünki gücümüz buna çatır. Onda gərək sən də sualı qaşıqla hazırlayasan. Təhsildə çox ciddi repetitorluq sistemi yaranıb. Dünyanın heç bir ölkəsində bu cür deyil. Elə bil, paralel ikinci təhsil sistemi yaranıb. Bu, bir tərəfdən məktəbi, digər tərəfdən müəllimi hörmətdən salır. Repetitorluq təhsilimizdə hazrıda ciddi problemdir. Bunun qarşısını cərimələrlə, inzibati yollarla, əmrlə, sərəncamla almaq qeyri-mümkündür. Dünyanın bütün ali məktəblərində gənclər cəmi iki qəbul imtahanı verir – riyaziyyat və dil. Bizdə neçə fəndən imtahan verirlər? Görəsən, buna ehtiyac varmı? Orta məktəbi bitirən bütün şagirdlər hökmən ali məktəbə qəbul olmalıdırlar? Nazir vəzifəsində olarkən dünyanın bir çox ölkəsini gəzib görmüşdüm ki, orta məktəbi bitirən uşaqların yarısı, hətta yarıdan çoxu peşə məktəblərinə gedirlər. Biz orta məktəbə bitirəndə zəif oxuyan uşaq əlinə çamadan alırdı. Məktəbin direktoru soruşdu ki, hara gedirsən? Dedi ki, ali məktəbə. Direktor ona dedi ki, kül mənim başıma, sən də ali məktəbə gedirsən? Yəni bu cür olmamalıdır. Hər adam niyə ali təhsil alsın ki? Ali məktəbə qəbul olurlar, amma heç kim 30 il ərzində elmi tədqiqat aparmayıb ki, gəlin görək, ali məktəbə qəbul olan zaman ən yüksək bal toplayan uşaqların nəticələri sonra necə olur? 12 il ərzində riyaziyyat elminə ümid verən bir gəncin gəldiyinin şahidi olmadım. On nəfərdən biri oğlan olsa, sevinirsən. Azərbaycan elmini dünyaya olduğu kimi təqdim edən elə bir böyük alimimiz də çıxmayıb. Deməli, düz yolda deyilik. Bunu qəbul etməliyik. Xüsusilə, imkanlı ailələrdən olan, ən qabiliyyətli uşaqlar imtahanın qorxusundan xarici ölkələrə ali məktəblərə gedirlər. Orada ya oxuyurlar, ya oxumurlar. Hər halda həmin ölkələrdə olanları görüb, Azərbaycana qarşı mənfi münasibətləri yaranır. Bəziləri heç qayıtmır. Bütün dövrlərdə təhsilin problemləri olub, ancaq bu qədər olmayıb. Çünki lap 40 il əvvəl müəllimin nüfuzu çox yüksək idi. Müəllimlər də o dövrün tələblərinə uyğun məsuliyyətli və ədalətli idilər. Zamanla məktəblərin sayı artdıqca müəllimlərin də sayı artdı. Çoxsaylı olanda idarəetmədə çətinlik yaranır. Müəllim dərs keçir, uşaq onu telefonla çəkir. Bu, heç bir təlim-tərbiyəyə sığmayan şeydir. Qadağa qoysaq, valideynlər ayağa qalxacaq ki, uşağımla necə əlaqə saxlayım? Qohumlarımdan biri İstanbul Universitetində beynəlxalq əlaqələr üzrə prorektor idi. Oğlu neçə il oxudu, həmin universiteti bitirə bilmədi. Bizdə belə bir şey desələr, inanarsınız? Hətta həmin uşağa dörd yazsan, inciyərlər. Neqativ hallarla bağlı heç olmasa, qonşumuzdan öyrənək, axı orda belə şeylər yoxdur. Yalnız maaşı artırmaqla iş görmək olmaz. Sertifikasiya imtahanı verirlər, müəllimlərin əməkhaqqı artır. Nəticə var? Yoxlamaq lazımdır. Ali məktəbi bitirməklə iş bitmir. Gərək iş verəsən. Diplomu cibində, gedib bazarda araba sürəcəksə, ona diplom verməyin nə mənası var? “Məndə ali məktəbi bitirənlərin sayı çoxdur”. Nə olsun? Sənin ali təhsillilərin harada işləyir? Müəllimə bir dəstə gül verirlər, gül dəstəsini də bizdə korrupsiya hesab edən var. Təbii ki, sistemli şəkildə pul yığılması cinayətdir. Qətiyyən yol vermək olmaz. Emin Əmrullayevlə bir neçə dəfə görüşmüşük. Qısa görüşlərdə bu qədər fikirləri çatdırmaq mümkün deyil. Amma jurnalistlərə müsahibələrimdə deyirəm. Nazirlik bunu nə qədər nəzərə alır, deyə bilmərəm. Nazir cənab Prezident tərəfindən seçilib. Düşünə bilmərəm ki, o adam hansı məsuliyyəti daşıdığını hiss etməsin. Təbii ki, çalışır, amma bu çalışmaq məqsədə nə qədər yaxındır, bunu demək çətindir...” – M.Mərdanov bildirib.
Aytəkin Qardaşova