AZ

Ermənistanın regionla bağlı yeni TƏHLÜKƏLİ PLANLARI var:”İstənilən təxribatçı addım layiqincə cavablandırılacaq”

“Son dövrlər baş verən hadisələr onu göstərir ki, Ermənistanı silahlandıranlar, Ermənistandakı zəif hakimiyyət, təxribatçı Nikol Paşinyan hökuməti Cənubi Qafqazda sülh və sabitliyin olması üçün çalışmır. Bu gün Ermənistan sülhün, sabitliyin, regional inkişafın, tərəqqinin önündə dayanan tormozlayıcı ölkə funksiyasını daşıyır”.

Bunu Editor.az-a açıqlamasında siyasi ekspert Tural İsmayılov deyib.

Onun sözlərinə görə, son dövrlər Fransanın Ermənistanı silahlandırması, Ermənistanın kütləvi şəkildə Hindistandan silahlar alması, həmçinin mülki müşahidə missiyası adı altında qərbin casus şəbəkələrinin Ermənistan ərazilərində olması onu söyləməyə əsas verir ki, rəsmi İrəvanın regionla bağlı təhlükəli planları var:

“Faktiki olaraq Ermənistanın addımları və ortaya qoyduğu siyasət onu göstərir ki, rəsmi İrəvan Azərbaycanla sülh yerinə lokal toqquşmalara getməyə çalışır və müharibənin olmasında maraqlıdır. Ermənistan regionda yenə özü haqqında “məzlum obrazı” yaradaraq siyasi dilənçiliklə məşğul olub başqa ölkələrdən pul qopartmaq üçün Azərbaycanı ittiham etməyə çalışır. Həmçinin Ermənistanın havadarları, türk dünyasının əleyhinə dezinformasiya istehsal edən siyasi güc mərkəzləri də Ermənistandan istifadə edərək Azərbaycan əleyhinə yalan xəbərlər yayırlar və müxtəlif bəyanatlar səsləndirirlər. Məqsəd Ermənistanın Azərbaycana qarşı atacağı təxribatçı addımları pərdələmək və bunun üzərindən manipulyasiya ilə məşğul olmaqdır. Əslində baş verən hadisələr onu göstərir ki, Ermənistan hakimiyyəti fəal bir şəkildə Azərbaycanla savaş ritorikasını qızışdırıb özü haqqında məzlum obrazı yaratmağa çalışır. Ermənistanın istənilən təxribatı Azərbaycan tərəfindən layiqincə cavablandırılacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr