“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill düşünür ki, “qırmızı şeytanlar”ın baş məqşçisi Ruben Amorim klubdan qovulmayacaq.
Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan ingilis veteran bunları söyləyib:
“Fikrimcə, klub Amorimi dəstəkləyəcək. O, özünə gərək olanı yayda alacaq. Mənə elə gəlir ki, ona pullar və istədiyi yeni heyətlə nəyəsə nail olmaq imkanı verəcəklər”, deyə Qari Nevill vurğulayıb.
Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ində Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. Amorim “Mançester Yunayted”in sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.
Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 26 oyuna çıxıb, 11 qələbə, 5 heçə-heçə, 10 məğlubiyyət yaşayıb. Topların fərqi isə 47:47 nisbətindədir.