Bakı, 13 mart, AZƏRTAC
Argentinanın paytaxtı Buenos-Ayresdə Konqres (parlament) binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada azı 56 nəfər xəsarət alıb, 150 nəfər isə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Buenos-Ayres şəhərinin tibb xidməti məlumat yayıb. Məlumata görə, başından güllə yarası alan fotoqraf da daxil olmaqla, 11 nəfər xəstəxanalara yerləşdirilib.
Toqquşma nəticəsində, həmçinin altı polis əməkdaşının yaralandığı, onlardan birinin güllə yarası ilə xəstəxanaya aparıldığı bildirilir.
Qeyd edək ki, bir neçə min insanın iştirak etdiyi etiraz aksiyası bahalaşma fonunda həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə təqaüdçülərə dəstək üçün keçirilib. Sonradan mitinqə qoşulan futbol azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Etirazçılar isə buna cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə daş və şüşə qablar atıblar. Onlar, həmçinin polis avtomobilini və bir neçə zibil qutusunu yandırıblar.
Qeyd edək ki, Argentinanın bir neçə futbol klubunun azarkeşləri polisin ötən həftə Konqres qarşısında toplaşan yaşlı insanlara qarşı güc tətbiqindən sonra təqaüdçülərə dəstək üçün nümayişlərə qoşulmaq qərarına gəlib.