Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan baş verən prosesləri diqqətlə izləyir:
"İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər".