AZ

Vircil van Deyk gələcəyi ilə bağlı danışdı

“Liverpul”un kapitanı, 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyk İngiltərə klubundakı gələcəyi ilə bağlı açıqlama verib.

Arena.az niderlandlı futbolçunun bu barədə açıqlamasını təqdim edir:

“Mənim gələcəyim? Hal-hazırda mən nə olacağı haqda anlayışa belə, malik deyiləm”, deyə Van Deyk bildirib.

Qeyd edək ki, Vircil van Deykin “Liverpul”la yeni müqaviləyə dair razılığa gələ bilməməsi səbəbindən onun bu yay Avropa nəhənglərindən birinə keçəcəyi barədə xəbərlər yayılmaqdadır.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 310 oyun, 26 qol, 13 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 78 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr