AZ

Arif Əsədov: Fernandu Santuş uğurlu mövsüm keçirən gənc futbolçuları milliyə çağırmaqla mükafatlandırdı

Bakı, 13 mart, AZƏRTAC

“Fernandu Santuşun milli komandada gənc futbolçulara üstünlük verməsi sevindirici haldır. Biz dəfələrlə portuqaliyalı mütəxəssisi və onun köməkçilərini I Liqa oyunlarında görmüşük”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov yığmanın çalışdırıcısı Ferandu Santuşun Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları üçün dəvət göndərdiyi futbolçular barədə danışarkən deyib.

O bildirib ki, milli komandaya çağırılan gənc oyunçuların üzərinə bundan sonra böyük məsuliyyət düşəcək: “Futbolçular bu formanı daimi olaraq geyinmək istəyirlərsə, öz üzərlərində işləməlidirlər. Bir çox insan düşünür ki, I Liqada çıxış edən futbolçu heç kəsin diqqətində deyil. “Qəbələ”nin heyətində yaxşı performans göstərən Şahin Şahniyarovun yığmaya çağırılması bu fikrin yanlış olduğunu sübut etdi. Bu liqada oynayan digər simalar da yavaş-yavaş milli komandaya dəvət alacaqlar. Şahinin dəvəti yığmaya potensial namizədlər üçün yaxşı stimul olacaq. Artıq onlar daha səylə çalışacaqlar. “Sabah”dan Xəyal Əliyev, “Neftçi”dən Ağadadaş Salyanskinin ilk dəfə bu formanı geyinəcəyi sevindiricidir. Düşünürəm ki, Fernandu Santuş uğurlu mövsüm keçirən iki gənc oyunçunu bu cür mükafatlandırdı”.

Təcrübəli mütəxəssis bu mövsüm “Səbail”də yaxşı səviyyədə çıxış edən qapıçılar Hüseynəli Quliyev və Əlirza Müştəbazadənin də gələcəkdə milli komandaya dəvət olunacağına inandığını söyləyib: “Hər iki qolkiper oyunlarda bir-birini əvəz etməklə əla performans nümayiş etdirir. Gələcəkdə milli komandanın qapısı onlar üçün də açılacaq”.

A.Əsədov milli komandanın Haiti və Belarusla keçirəcəyi yoldaşlıq görüşləri ilə bağlı da fikirlərini bölüşüb: “Hər iki matç dünya çempionatının seçmə mərhələsinə hazırlıq üçün vacibdir. Uzun müddətdir qələbəmiz yoxdur. Sual verə bilərlər ki, “Niyə zəif rəqiblərlə oynayırıq?”. Amma baxsaq, hər iki komanda FIFA reytinqində bizdən irəlidədir. Əsas odur ki, həmin matçlarda futbolçulara şans yaradaq və təcrübə qazandıraq”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən "Bank Respublika Arena"da isə Belarusla üz-üzə gələcək.

Seçilən
5
azertag.az

1Mənbələr