AZ

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edildi - Fotolar

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibətilə tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, bu ölkədəki Azərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqların diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri, media mənsubları iştirak edib.

Əvvəlcə “Vətən uzaqda deyil” proqramının Barselona Azərbaycan Evinə və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinə həsr edilmiş buraxılışı nümayiş olunub.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarına, eləcə də cəmiyyətin fəaliyyətinə diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi barədə danışan Komitə sədri xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. İspaniyadakı Azərbaycan icmasının son illərdə sıralarının genişlənməsindən, güclənməsindən məmnunluğunu ifadə edib.

Xaricdəki Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan Qarabağ Azərbaycan məktəblərinin diasporumuzun təşkilatlanmasına, yeni nəsil azərbaycanlıların ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə əvəzsiz xidmətlər göstərdiyi vurğulanıb.

Daha sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın aparıcılığı ilə konsert proqramı təqdim olunub. Proqrama Azərbaycan, türk, ispan musiqiləri və rəqsləri daxil edilib. Barselona Azərbaycan evinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin müəllim və şagirdlərinin, ispan rəqqasların və türk müğənnilərin çıxışını tamaşaçılar sürəkli alqışlarla qarşılayıb.

Komitə adından bədii hissənin iştirakçılarına hədiyyələr təqdim olunub.









Seçilən
5
qafqazinfo.az

1Mənbələr