XII Qlobal Bakı Forumunda Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib.
Operativ Media xəbər verir ki, martın 13-də keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında əvvəlcə Avropa İttifaqı Şurasının sabiq Prezidenti, Belçikanın keçmiş Baş naziri Şarl Mişel çıxış edib.
Ş.Mişel vəzifəyə başladığı ilk beş ilin əvvəlinin COVID-19 pandemiyası dövrünə təsadüf etdiyini bildirib:
"Bu da müxtəlif çətinliklərə gətirib çıxardı. O zaman qərarların qəbul edilməsi asan deyildi. Həmin illərdə peyvəndlərin vaxtında çatdırılmasına çalışırdıq. Daha sonra Rusiya-Ukrayna müharibəsi başladı. İlk olaraq Ukraynaya kömək etməyə çalışdıq. Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik. Avropalılar özlərinə heç vaxt olmadığı qədər inamla yanaşmalıdırlar. Biz birləşdiyimiz zaman güclü olarıq. Çünki bu bizim gələcəyimizlə bağlıdır".
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışı zamanı bildirib ki, ölkə olaraq biz baş verən prosesləri diqqətlə izləyirik. İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər.
O qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb. Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub. “Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, Ermənistan da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir. Ermənistan tərəfi tam şəkildə Azərbaycana qarşı iddialı olmalı deyil”, - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.
Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik. Ermənistanın silahlandırılması parçalanmanın yeni elementi ola bilər.
Postsovet erasından sonra yeni reallıqların göz qabağında olduğunu deyən Prezidentin köməkçisi Azərbaycanın buna etibarlı şəkildə yanaşdığını qeyd edib.
“Biz gözləmirik ki, kimsə dünya düzənini formalaşdırsın. Biz regionla bağlı həmfikir olan ölkələri birləşdirməyə çalışırıq. Azərbaycan qonşuluqda baş verən hadisələrdən xəbərdardır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər məlumdur. Bu reallıqları nəzərə alaraq biz xarici siyasətimizdə Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirməyə çalışırıq. Bizim bu ölkələrlə tarixi bağlılığımız var. Həmçinin Türk Dövlətləri Təşkilatı yeni reallıqdır. Gürcüstan-Azərbaycan əməkdaşlığı erməni həmkarlar üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir”, - deyə o əlavə edib.
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa çağdaş dünyada populizm önə çıxdığını, hazırda məntiqsiz arqumentlərə malik liderlərin çıxışlarının yayıldığını bildirib, bunun çox təəssüfedici hal olduğunu qeyd edib.
Paneldə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu qlobal tarixin kəsişən nöqtəsində yaşadığımızı deyərək bildirib ki, bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir.
İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu qeyd edib: “Lakin biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik”.
Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə hazırda çoxqütblü dünya haqqında danışıldığını vurğulayaraq deyib: “Çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.
O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır. Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı”.
ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrinin fikrincə, onların nəsli dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuz olub. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Həm nikbin, həm də realist olduğunu vurğulayan Şafik Qabri bildirib: “Geosiyasi dəyişikliklər tarix boyu daim baş verib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütün bu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha da qütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır. Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir”.
Şafik Qabrin beynəlxalq təşkilatların əsas zəifliyinin onların daha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunu vurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcə geoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək. Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”, - deyə o əlavə edib.
Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos diqqətə çatdırıb ki, Avropa İttifaqında bir çox məsələlərdə birlik yoxdur və bu, onları parçalayır, millətçiliyi genişləndirir. Avropa ekzistensial böhrandadır.
Paneldə bir neçə münaqişə barədə danışdıqlarını qeyd edən Dimitris Avramopoulos Avropada 400 milyon insanın miqrant olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanı da sabitləşdirici amil adlandıraraq Qlobal Bakı Forumunun dünyada ən böyük tədbirlərdən birinə çevrildiyini bildirib.
Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək".
Panel mövzu ətrafında müzakirələrlə davam edib.