UEFA Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə cavab oyunu İspaniya nəhəngi Madrid “Real”ı üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “qaymaqlılar” evdəki ilk oyunda qazandıqları 1:0 hesablı üstünlüyü həmin hesabla əldən versələr də, penaltilər silsiləsinə daşınmış oyunu 4:2 hesabı ilə qazanıblar.
Beləliklə, “Real” Avropanın ən mötəbər klub yarışı tarixində 40-cı dəfə 1/4 finala çıxmaqla mütləq rekordunu yeniləyib. “Qaymaqlılar”ın müvafiq silsiləsi artıq ardıcıl beşinci mövsümdür ki, davam edir.
1/4 finala çıxışlar üzrə ilk üçlükdə Almaniya nəhəngi “Bayern” (34 dəfə) və Kataloniya nəhəngi “Barselona” (24 dəfə) yer alıblar.
İspaniya nəhəngi həm də qitənin bir nömrəli klub turnirində penaltilər seriyasında indiyə qədər dörd qalibiyyət əldə edən yeganə komandadır. Çempionlar Liqası və əvvəlki adı ilə Avropa Çempionlar Kuboku tarixində heç bir klub bunu bacarmayıb.
Əlavə edək ki, yarışın 1/4 final mərhələsinə adlamış “Real” burada “Arsenal”la qarşılaşacaq.