UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyunu “Atletiko”nun hücumçusu Xulian Alvares üçün düşərli olmayıb.
Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 0:1 hesabı ilə məğlub olmuş “döşəkçilər”, cavab oyununda eynihesablı qələbə sayəsində oyunu penaltilər silsiləsinə daşısalar da, burada 2:4 hesablı acı məğlubiyyətə üzülüblər.
Oyunsonrası penaltilər silsiləsində hesab 2:1 “Real”ın xeyrinə ikən “döşəkçilər”in ikinci penaltisini vurmaq üçün “nöqtə”yə yaxınlaşmış Xulian Alvares dəqiq olsa da, zərbənin icrası zamanı texniki naşılığa yol verib. O, zərbə vurmaq istəyərkən büdrəyərək, sürüşüb. Hakim argentinalı futbolçunun topa iki dəfə toxunuş etdiyini əsas gətirərək, qolu ləğv edib. Beləcə “Real” həm hesab və həm də psixoloji üstünlüyünü saxlayaraq, penaltilər silsiləsini öz xeyrinə uğurla başa vurub.
Oyundan sonra bu məqam mətbuat üçün “bir aylıq azuqə”yə çevrilib. İspaniya mətbuatında bu, qızğın surətdə müzakirə edilir. Alvaresin özü isə açıqlaması ilə odun üstünə yağ çiləyib: “Mən topa toxunduğumu hiss etmədim”, – “Marca” nəşri Alvaresdən sitat gətirir.
Beləliklə “Atletiko” Çempionlar Liqasının cari mövsümündəki çıxışını başa vurub. 1/4 finala adlamış “Real” isə burada “Arsenal”la qarşılaşacaq.