Xəbər verdiyimiz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.
Bəs qadınların boşanma istəklərinin səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bu gün boşanmalarda daha çox təşəbbüskar xanımlardır. Onun szlərinə görə, bu, özünü statistikada belə göstərir:
"Son boşanmaların əsas səbəbi cəmiyyətin düşüncə transformasiyası yaşamasıdır. Artıq Azərbaycan açıq cəmiyyətlərə transformasiya olunur. Müxtəlif seriallar, səyahətlər vasitəsilə kənar həyat tərzləri ilə tanış olurlar. Bu gün artıq Azərbaycan qadını və kişisi üçün boşanma, ailə dramı kimi qarşılanmır. Qadınlar daha çox iqtisadi fəal, məşğul əhaliyə çevrildikcə, öz təminatlarını həll etdikcə, köhnə mərkəzin idarəetmə sistemi ilə razılaşmırlar. Qadınlar köhnə qaydalarla yaşamaq istəmir, kişilər isə köhnə qaydalarla vəziyyəti idarə edə bilmirlər. Buna görə qadınlar daha müstəqil, sərbəst həyata meydan oxuyurlar. Qadınlarımızda çox təəssüf ki, eqoizm, hedonizm, yəni zövqə düşkün həyata meyillik var. Qadınlar iqtisadi məşğul əhaliyə çevrildikcə, fikirləşirlər ki, niyə görə patriarxal, mühafizəkar təfəkkürlü kişinin kaprizlərinə dözməlidirlər. Bir, iki uşaq dünyaya gətirdikdən sonra çox rahatlıqla boşanırlar. Öz-özlərinə eqoist həyat yaşamağa meyillənirlər. Bu, əsas səbəblərdən biridir".
Sosioloq qeyd etdi ki, artıq cəmiyyətin fərd üzərində nəzarəti və qınağı azalıb.
"İctimai qınağa önəm verilmir. Ağsaqqal, ağbirçək fikirləri artıq arxaikləşib. Cəmiyyət və düşüncələr liberallaşıb. İnsanlar daha eqoist bir həyat yaşamağa üz tutublar. Şübhəsiz ki, qadınlar buna görə daha rahat və komfortlu həyat yaşamaq istəyirlər. Ailə məsuliyyəti, ailə qayğıları ilə yaşamaq istəmirlər. Boşanmaların səbəbləri bunlarla məhdudlaşmır. Xəyanət əsaslı, sağlamlıq əsaslı, kənar müdaxilə təsiri ilə baş tutan boşanmalar da var. Asılılıq yaradan maddələr də boşanma mövzularına təsir göstərir. Boşanmış ailədən çıxan övladlar ailələrindən örnək ala bilirlər. Düşünürlər ki, onlar boşanıb, biz də boşanaq. Səbəblər çoxdur, lakin bu, heç də yaxşı tendensiya deyil".
Müsahibimizin sözlərinə görə, bu halardan əziyyət çəkən uşaqlar və cəmiyyət olur.
"Eynilə bu, dövlət üçün əlavə maliyə deməkdir. Çox yaxşı olar ki, münaqişəli ailələr vaxtında araşdırılsın, müəyyənləşdirilsin. Onlarla sosial və psixoloji işlər aparılarsa, həm münaqişəli ailələrin qarşısı alınar, həm də onlar boşanma səviyyəsinə çıxmadan vəziyyət həll olunar. Qadınlarımıza efirlərdə, bəzi verilişlərdə boşanmış qadınların təmtəraqlı həyatlarının təqdimi də bu mövzuya təsir göstərir.
Evdar qadınlar düşünürlər ki, onlar elə yaşayırsa, biz niyə övlad qayğısı çəkirik? Biz də belə yaşayacağıq. Onlar aysberqin görünməyən tərəflərini görə bilmirlər. Bilmirlər ki, o həyatı yaşayan qadınların hansı çətinlikləri var. Bəzi qadınları yalnız görüntü yolundan azdırır. Çox yaxşı olar ki, efirlərdə nümunəvi ailələrin nümayəndələrindən portret verilişlər verilsin. Ailə böhranlarından çıxma yolları ilə bağlı təcrübəli ailə nümayəndələrinin tövsiyələri təqdim olunsun", - deyə Ü.Şəfiyev bildrdi.
Aytəkin TOFİQQIZI