Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/8 finalının “Lill” ilə cavab oyununu (2:1) şərh edib.
Arena.az “Le11” dərgisinə istinadən, xorvat mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, mənim komandam üçün əla oyun idi, biz layiq olduğumuz qələbəni qazandıq, daha da artığına layiq idik. Bütün 90 dəqiqə görkəmli idi.
Hətta oyunun əvvəlində (5-ci dəqiqə – redaktorun qeydi) buraxdığımız qoldan sonra belə, biz vəziyyətin öhdəsindən gələ və oyunun gedişatına 90 dəqiqə ərzində nəzarət edə bildik. Bu, mənim məhz istədiyim və bəyəndiyimdir. Mən öz komandamdan məhz bunu gözləyirəm. Bizim oyunçularımız rahatlıq hiss edirlər, məğlubiyyətdən sonra bizə asan deyildi. Mən, komandamın, özünü fərqli cəhətdən göstərə bildiyinə şadam.
Biz nəinki ikinci hissədə sadəcə yaxşı oynadıq, düşünürəm ki, daha əvvəl hesabda biz önə keçə bilərdik. Biz daha çox qol vura bilərdik Biz “Lill”ə öz futbolunu oynamağa imkan vermədik.
Seru Girassi (“Borussiya”nın 29 yaşlı qvineyalı mərkəz hücumçusu – redaktorun qeydi) qol vurmasa da, o, bizə əminlik verir. O, penalti qazandı, keyfiyyətli oyunçudur, təvazökardır, həmişə yüz faiz hazırdır.
Oyunun qəhrəmanı həmişə var, amma mən həmin qəhrəmanı qabartmaq istəmirəm, çünki ən əsası – komanda və kollektivdir”, deyə Kovaç vurğulayıb.
Evdəki ilk oyunda 1:1 hesablı heç-heçə oynamış “Borussiya” ümumi hesabda (3:2) cütün qalibi olaraq, Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. “Borussiya” bu mərhələdə Kataloniya nəhəngi “Barselona” ilə qarşılaşacaq. “Lill” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.