“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneli keçirilib.
APA-nın xəbərinə görə, tədbirin moderatoru Belçikanın sabiq Baş naziri İv Leterm olub.
Paneldə çıxış edən ÜST Baş Direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ABŞ ÜST-ün maliyyələşməsinin 30 faizini təmin edir, ABŞ-nin ÜST-dən çıxması malyariyaya qarşı mübarizə və digər bir sıra səhiyyə proqramlarının dayanmasına səbəb olacaq.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının çoxtərəfli münasibətlərə xüsusi önəm verdiyini söyləyib. Nazir Azərbaycanın maraqlanı təmin etməsinə çalışmaqla bərabər digər tərəflərin də maraqlarını nəzərə aldığını vurğulayıb: “Çoxtərəfli təsisatlara qoşulmalıyıq, bu, ortaq maraqlardan irəli gəlməlidir. Azərbaycan şoxtərəfli əməkdaşlığa sadiq qalıb. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi formatları da bu aspektdə qeyd etmək olar. Tarix göstərir ki, birtərəflilik, ikitərəflilik o qədər də effektiv olmayıb”.
Finlandiyanın sabiq Prezidenti Tarya Halonen BMT Təhlükəsizlik Şurasında islahatları mümkün sayıb: “ÜST-ə də təşəkkür edirəm ki, təzyiqlərə baxmayaraq peyvəndlə bağlı işləri vaxtında həyata keçirib, peyvəndlər çatdırılıb”.
İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio deyib ki, dünya düzəni ədalətli olması üçün sülşə və rifaha söykənməlidir : “Bu gün qütblər dedikdə ABŞ, Çin və Rusiya nəzərdə tutulur. Ancaq dünyanın qalanı məsələsi də var, hər şey onlarla yekunlaşmır. İnkişaf edən dövlətlərin də mövqeyinin nəzərə alınması vacibdir”.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-ci Sessiyasının sədri, Şimali Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srgjan Kerim BMT-nin buraxılmasının isə dünya üçün faciə ola biləcəyini vurğulayıb: “Elə edilməməlidir ki, ABŞ BMT-dən çıxsın. BMT Təhlükəsizlik Şurasında islahatların zamanı çoxdan çatıb. Əgər G20 varsa, niyə buna müvafiq olaraq BMT Təhlüəksizlik Şurasının tərkibi dəyişməsin?!”.
Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq Xarici İşlər naziri Amr Mussa dünyanın üzləşdiyi təhdidlərdən söz açıb.
“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Marc Uzan və Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Panel müzakirələrlə davam edib.