AZ

Kəlbəcərdə ilk hotel fəaliyyətə başladı

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam edir. Metbuat.az xəbər verir ki, bu il tarixi Zəfərin beşinci ildönümü qeyd ediləcək. Ötən müddətdə minlərlə keçmiş məcburi köçkün doğma yurda qovuşmağın sevincini yaşayıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə yenidən qurulan kənd və şəhərlərdə sakinlər üçün hər cür şərait yaradılır. Proqrama Qarabağda və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə ən müasir infrastrukturun qurulması, o cümlədən istirahət mərkəzlərinin yaradılması da daxildir.Bu gün Şuşa, Kəlbəcər, Laçın, Zəngilan və digər rayonlarımızda olarkən bu torpaqların gözəlliyindən, təbiətindən ilham almamaq qeyri-mümkündür. Azad yurd yerlərində turizmin bir çox növlərinin – ekoturizm, dağ turizmi, qış turizmi, sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var.Kəlbəcər həm təbiəti, həm də qədim tarixi baxımından unikal məkan, ilahi möcüzədir. Göz oxşayan meşələri, dağları, şəfalı otları və çiçəkləri oranı ziyarət edən hər kəs üçün bir məlhəmdir. Kiçik Qafqazın mərkəzi hissəsində yerləşən diyarın qədim abidələri, füsunkar təbiəti turizm potensialının geniş və istifadə üçün əlverişli olduğunu göstərir. İstisu kurortu hələ sovetlər dövründə sağlamlıq turizmi ocağı kimi məşhur olub. İşğal dövründə dağılan məkan bu gün yenidən qurulur. Səfalı diyarın Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Qotursu, Keşdək, Mozçay, Bağırsaq kimi tərkibi faydalı minerallarla zəngin bulaq və çayları, yerin dərin qatlarından qaynayaraq fışqıran termal suları Azərbaycana yenə dünya şöhrəti gətirəcək.İnfrastruktur işləri çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda hotellərin və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, bölgənin tarixi, mədəni və mənəvi irsinin dünyada təbliği üçün müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq turizm sərgilərində bölgənin tanıdılması da vacib şərtlərdir.Son bir neçə ildə Şuşada və Zəngilanda istifadəyə verilən hotellər qonaqlara yüksək səviyyəli xidmət göstərir. Bu yaxınlarda Kəlbəcərdə də ilk hotel fəaliyyətə başlayıb.Kəlbəcər rayonunun Çapar kəndində yerləşən Xan bağı hoteli (“Khan Garden Hotel”) böyük şəhərlərin səs-küyündən sonra istirahət üçün gözəl məkandır. 2, 4, 6 və 8 nəfərlik otaqlar hər cür şəraitlə (o cümlədən Wi-Fi, TV, kondisioner) təmin olunub. Qonaqların rahat gəlməsi üçün portal xidməti də məkan tərəfindən həyata keçirilir.Hotel İstisu kompleksinə yaxınlıqda yerləşir. Gəzinti üçün əlverişlidir. Ərazidəki restoranda geniş çeşiddə, əsasən milli mətbəx nümunələri təqdim edilir. Müxtəlif əyləncələr, ailəvi vaxt keçirmək üçün söhbətgahlar qurulub. Balıq tutmağı sevənlər buradakı gölə üz tuta bilərlər. Ərazidə gecə-gündüz, 24 saat təhlükəsizlik və nəzarət xidməti var.

Azadlığa qovusan Vətən torpaqları dövlət tərəfindən dirçəldilir. 2024-cü ildə təsdiq edilən “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən burada da tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin mövcud istiqamətdə ixtisaslaşmış “Sa Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutunun birgə hazırladığı Baş Planın mərhələlərlə icrası Kəlbəcəri tarixi irsin və müasirliyin vəhdətində, təbiət qoynunda möhtəşəm bir şəhərə çevirəcək.

Seçilən
13
metbuat.az

1Mənbələr