"Sumqayıt"da qol həsrəti, qələbə intizarı başa çatdı.
Özü də darmadağınla.
"Kəpəz"i evində qəbul edən "kimyaçılar" 3 xalı qolla aktivinə yazdırdı - 3:0.
İlk dəqiqələrdən oyunun ipini əlinə alan meydan sahibləri sona kimi də eyni yanaşmanı qoruya bildi.
Bu dəfə yaxşı oyunla bərabər, yaxşı qələbə də qazanmaq mümkün oldu.
Cavadovun kollektivi sanki həftələrdi yığılıb qalan hirsini bütünlüklə bölgə klubundan çıxdı.
Ələ düşən fürsətlər sağa-sola xərclənməsəydi, daha biabırçı hesaba şahidlik edə bilərdik.
Xüsusilə vurulan 2-ci qoldan sonra "Kəpəz" arxa xətdə ciddi boşluqlar verməyə başladı.
Sadəcə yaranmış münbit şəraitdən "Sumqayıt"ın ön xətt oyunçuları yararlana bilmədi. Hücum fazasında nöqsanların hələ də qalması vurğulanmalıdır.
Epizodlar yaradılır, amma yekun nöqtəni qoymaq problemə çevrilir.
Bu gün Sumqayıt təmsilçisində hər kəsə qaçırılan qol imkanlarından çox vurulan 3 dəqiq zərbə daha maraqlıdır.
Şəhərin ovqatı yerinə gəldi. 11 oyunda qol vurmayan, qələbə nədi bilməyən komandanın ölüdən fərqi yox idi.
Aylar sonra gələn qələbə "Sumqayıt"a dirilik verdi.
Sonuncu pillənin ayaq səsi kəsildi. Vaqif Cavadovun göndərilməsi ilə bağlı müzakirələr ən azı mövsümün sonuna qədər səngiyəcək.
Bir sözlə, "Sumqayıt" adına bir müddət rahat nəfəs almaq olar.
XANOĞLAN İMANOV