AZ

Avropa Parlamentinin qərəz və ikili standartlar mərəzi

Bu “Xristian klubu” növbəti dəfə əsl simasını ortaya qoydu

Son illərdə Avropa Parlamentində Azərbaycan əleyhinə hücumların gücləndiyi müşahidə edilir. Bu yanaşma Azərbaycan əleyhinə qeyri-obyektiv təbliğatın gücləndiyini və riyakarlığın açıq şəkildə hiss olunduğunu göstərir. Avropa Parlamentində Azərbaycanofobiya və riyakarlıq açıq-aydın hiss olunur. Bu günlərdə Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edərək absurd fikirlər söyləyiblər. Onlar bu dəfə də Bakıda məhkəmə prosesi keçirilən və konkret hərbi cinayətlərdə ittiham olunan ermənilərin müdafiəsinə qalxıblar.  Hazırlanan qətnamə layihəsində əks olunan bəzi məsələləri qurumun anti-Azərbaycan ritorikasının pik həddi hesab etmək olar. Burada yenə də erməni sevgisi, Azərbaycanofobiya və riyakarlıq açıq-aydın hiss olunur. Xatırladaq ki, Bakıda məhkəməsi keçirilən şəxslər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Aydındır ki,  qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri üçün bir “həqiqət” var ki, o da qərəz və ikili yanaşmadır.  Dəfələrlə bunun şahidi olmuşuq. Məhkəməyə təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə çalışırlar ki, təqsirləndirilən şəxslər qərardad çıxarılmadan azad olunsunlar. Demək olar ki, dünya məhkəmə tarixində belə hal baş verməyib. Avropa parlamentariləri tərəfindən barələrində konkret ittihamlar olan şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıb. Bu şəxslərin “hərbi əsir” kimi qələmə verilməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir.

Görəsən 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən ümumilikdə  1 milyondan artıq azərbaycanlının insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırır?  Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqı (Aİ) idi. Məlumdur ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının sabiq Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabrında  Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü təşkil olunub. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun  Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərməyə başladı.

Prezident İlham Əliyev cari ilin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir: “ Amma, deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz, keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı.” Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, ötən il Avropa İttifaqının əldə etdiyi nəticə ondan ibarət oldu ki, o, Azərbaycan-Ermənistan trekinin normallaşması prosesindən tamamilə kənarlaşdırıldı. Əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh fondunun bundan sonra da davamı olacaqsa, bizim tərəfimizdən adekvat hərəkətlər ediləcək. Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq. Avropa Komissiyası ədalətli mövqe sərgiləməsə münasibətlərin düzəlməsi sual altında qalacaq.

Bu gün adları  korrupsiya və rüşvət qalmaqallarında hallanan Avropa Parlamentinin üzvlərindən bundan başqa nəsə gözləmək də olmaz. Bu təşkilatı əksəriyyət artıq “xristian klubu” da adlandırır. Bunu sübut edən fakt Avropa Parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı səlib yürüşünə start verməsidir. Bu yanaşma Azərbaycanın suverenliyini və milli maraqlarını müdafiə etməsi fonunda, Avropanın bəzi qüvvələrinin ədalətsiz və qərəzli davranışlarını ön plana çıxarır. Avropa Parlamenti birinci dəfə deyil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir. Riyakarlıq o həddə çatıb ki, Avropa Parlamenti Azərbaycanın 2023-cü ilin sentyabrında öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini Qarabağ ermənilərinə qarşı təcavüz kimi təqdim edir. Halbuki heç bir beynəlxalq təşkilatın bəyanatında, qəbul etdiyi hesabatda bu məsələ öz əksini tapmayıb. BMT kimi mötəbər beynəlxalq təşkilatın faktaraşdırıcı missiyası bir neçə dəfə Qarabağda olub və hər hansı bir zorakılıq faktını qeyd almayıb. İndi isə Avropa Parlamenti heç bir fakt ortaya qoymadan Qarabağı könüllü tərk edən insanlara qarşı zorakılıq tətbiqindən danışır. Avropa Parlamentində oturub Azərbaycana qarşı hədyanlar söyləyənlər, Azərbaycana qarşı dezinformasiya yayanlar, feyk informasiyaları paylaşanlar, sanki oturduqları ağacın budaqlarını doğrayırlar və onlar bu davranışları ilə Avropa İttifaqının strateji maraqlarına deyil, öz ciblərinin və mədələrinin maraqlarına xidmət edirlər ki, bu da qəbuledilməzdir.

Beləliklə, Avropa Parlamentinin qətnamə layihəsi ikili, qərəzli münasibətin göstəricidir. Fransanın hegemonluq etdiyi Avropa Parlamentinin növbəti kağız parçasının taleyinin əvvəlkilər kimi olacağı şübhə doğurmur. Heç bir təzyiq və hədə Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Ermənilərin məhkəmə prosesi də beynəlxalq hüquq qaydalarına uyğun başa çatacaq.

Göründüyü kimi, Azərbaycan öz maraqlarını qoruyaraq  xarici siyasətini həm müstəqil, həm də obyektiv şəkildə qurmağına davam edir. Eyni zamanda,  Avropa ilə əlaqələrində ədalətli və balanslı bir yanaşma tələb edir. Bu kontekstdə  Avropa Parlamentinin bəzi üzvlərinin və təşkilatın ümumi yanaşmasının dəyişməsi həm Azərbaycanın, həm də beynəlxalq hüququn maraqlarına uyğun daha ədalətli və şəffaf münasibətlərin formalaşmasına gətirib çıxara bilər.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr