“Qalatasaray” qrupunu ikinci pillədə tamamladığından bu mərhələdə mütləq bir “əjdaha” cüt yaranacaqdı. Çünki “səpələnmişlər” arasında “Trabzonspor”, “Fənərbaxça” və “Beşiktaş” var idi. Bu nəhənglər, eləcə də “Konyaspor” qrupu zirvədə tamamlamışdı. Amma Konya təmsilçisi məhz “Qalatasaray”ın qrupunda lider olduğuna görə bu komandaların 1/4-də düşmək ehtimalı yox idi. Digər qrup liderlərindən isə “Qalatasaray”a “Fənərbaxça” qismət oldu!
Beləliklə, 1/4 finalda bizi barışmaz rəqiblərin növbəti dueli gözləyir. Qaydalara görə bu mərhələdə qalib bir oyunla müəyyənləşir və görüş qrup liderinin meydanında keçirilir. Yəni İstanbul derbisi Kadıköydə baş tutacaq. Mərhələnin digər cütləri isə bunlardı: “Beşiktaş” – “Göztəpə”, “Trabzonspor” – “Bodrum”, “Konyaspor” – “İskəndərunspor”. Oyunlar aprelin 1-3-də adı birinci göstərilən komandaların meydanında keçiriləcək. Yarımfinaldakı mümkün cütlər də bəllidi. Belə ki, derbinin qalibi “Konyaspor” – “İskəndərunspor” cütünün qalibi ilə, “Trabzonspor” - “Bodrum” cütünün qalibi isə “Beşiktaş” – “Bodrum” cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinal oyunları aprelin 22-24-də, final matçı mayın 14-də keçiriləcək.
İki nəhəngin bir-birinə rəqib olduğu bilinən kimi hakimlik məsələsi gündəmə gəldi. Çünki ən son bu komandaların fevralın 24-də “Rams Park”da keçirilən və qolsuz bitən oyununu sloveniyalı Slavko Vinçiç idarə etmişdi. Püşkatma mərasiminin ardından “Fənər”in vitse-prezidenti Acun Ilıcalı bunları dedi:
“Kubokda “Qalatasaray”la düşdük. Xeyirli olsun. Öz meydenımızda oynayacağımız üçün kiçik üstünlüyümüz olacaq. Əcnəbi hakim mövzusunda qulağıma çatan məlumata görə rəqib cəbhənin də belə istəyi var. Buna yalnız sevinərik. Bizim Kadıköydə yerli hakimlərlə, başqa stadionlarda isə əcnəbi hakimlərlə oynamaq kimi bir iddiamız yoxdu. Bizim dərdimiz yalnız ədalətli idarəçilikdi. İnşallah, qarşı tərəfdən də belə bir tələb gələr. Çünki biz əcnəbi hakimin tərəfdarıyıq”.
Hələlik ortada rəsmi açıqlama olmasa da, Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” da bu derbiyə əcnəbi hakim tələb edir. Özü də “sarı-qırmızılar” tək əcnəbi hakim yox, təhlükəsizlik üçün 10 min polis də tələb edir. Yəni ötən ay baş tutan derbidəki şərtlərin olmasını istəyirlər. “Rams Park”da da təhlükəsizliyi 10 minə yaxın polis təmin etmiş və bu durum hətta Slavko Vinçiçi də təəccübləndirmişdi.
Bu arada digər bir şayiəyə inansaq, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu yenidən derbiyə əcnəbi referinin çağrılmasını istəmir. O, hakimlərlə keçirdiyi toplantıda “bir daha əcnəbi hakim gəlməyəcək. Bunu bircə dəfə etdik. Mövsümün qalan hissəsində sizə güvənirik” ifadəsini işlədib. Amma Hacıosmanoğlu artıqözünü elə vəziyyətə salıb ki, onun heç bir sözünə güvənmək olmur. Çünki o, ötən ilin noyabrında “mən bu vəzifədə olduğum müddətdə bu ölkəyə əcnəbi hakimin ayağı dəyməyəcək” kimi iddialı açıqlama vermişdi. Amma göründüyü kimi sonradan bu vədinə əməl edə bilmədi.
Yeri gəlmişkən, “Qalatasaray”ın son illərdə Kadıköydə “Fənərbaxça”ya qarşı üstünlüyü diqqəti çəkir. Bir ara “Cim-Bom” əzəli rəqibini səfərdə 20 il yenə bilməmiş və bu tarixi seriya 2020-nin fevralında 3:1-lik qələbə ilə başa çatmışdı. Sonrakı dönəmlərdə “sarı-qırmızılar” “Ülkər”də 2021-in fevralında 1:0, 2023-ün yanvarında 3:0 və 2024-ün sentyabrında 3:1-lik qələbələr qazanıb. Bu müddətdə “Fənər” evdə yalnız 2022-nin aprelində 2:0-lıq qələbəyə sevinib. 2023-ün dekabrında isə qolsuz bərabərlik qeydə alınıb.
Başqa sözlə desək, “Qalatasaray” səfərdə “Fənər”ə qarşı keçirdiyi son 6 oyundan 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.
ƏLİ