
Araşdırmalara görə, televizora baxmaq müddəti ürək xəstəliyi riskini artırır. Bəs gündə nə qədər televizora baxmaq məsləhətdir?

E-saglam.az xəbər verir ki, yeni tədqiqat göstərir ki, televiziyaya baxmaq müddətini gündə 1 saat və ya daha az saxlamaq ürək xəstəliyi riskini azalda bilər. Honq-Konq alimləri oturaq həyat tərzinin infarkt və insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Araşdırmalar gündə 2 saat və ya daha çox televizora baxan insanların damarlarında lövhə yığılması səbəbindən ürək xəstəliyinə tutulma ehtimalının 12% daha yüksək olduğunu göstərib. İştirakçıların 2-ci tip diabetə genetik meyilliliyi də qiymətləndirilib, çünki bu xəstəlik infarkt və insult riskini artırır.
Genetik riski yüksək olan şəxslər üçün daha az televizora baxmaq bu təsirləri azaltmağa kömək edə bilər. Honq-Konq Universitetinin İctimai Sağlamlıq Məktəbindən professor Youngwon Kim bildirib ki, "bu gün televizora baxmaq oturaq həyat tərzinin əsas hissəsinə çevrilib və davamlı olaraq ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilir."
Dr. Damon Swift isə vurğulayır ki, oturaq vaxtın məhdudlaşdırılması, xüsusilə də 2-ci tip diabet riski olan şəxslərin sağlamlığını yaxşılaşdıra bilər. Uzun müddət hərəkətsiz qalmaq damarların tıxanmasına və metabolik xəstəliklərə səbəb ola bilər. Fiziki aktiv həyat tərzi isə ürək sağlamlığını qorumağa və infarkt riskini azaltmağa kömək edir.
Tərcümə: Könül Oruc