AZ

40 illik münaqişə başa çatır: Ermənistan-Azərbaycan sülh müqaviləsi hazırdır – Avropadan təbriklər başladı

Azərbaycan və Ermənistan ötən əsrin 80-ci illərindən ermənilər tərəfindən başlanan və təqribən 40 il davam edərək 10 minlərlə dinc əhalinin ölümünə səbəb olan qanlı münaqişəni başa vurmağa hazırlaşırlar.

FED.az xəbər verir ki, martın 13-də rəsmi Bankı və İrəvan sinxron olaraq iki ölkə arasında sülh müqaviləsi üzərində işlərin başa çatdığını, yəni sənədin mətninin razılaşdırıldığını elan ediblər. Ermənistan tərəfi bir qədər də qabağa gedərək sülh müqaviləni imzalanmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, iki sovet respublikası arasında (münaqişə başlayanda Azərbaycan və Ermənistan SSRİ-nin tərkibində idilər) başlayan münaqişə Azərbaycanda müxtəlif ölkələrdən köçürülmüş ermənilərin kompakt şəkildə yaşadığı Qarabağ bölgəsinə görə başlayıb.

Ermənistan bu ərazini özünə birləşdirmək üçün silahlı münaqişəyə başlayıb. Yeri gəlmişkən, erməni tərəfi indiyədək müharibənin guya Qarabağ erməniləri tərəfindən aparıldığı iddia etsə də, əslində Azərbaycan faktiki olaraq Ermənistan ilə müharibə aparıb.

Bu qarşıdurma nəticəsində hələ 1988-ci ildə Ermənistanda yaşayan 100 minlərlə Azərbaycanlı doğma torpaqlarından qovulub və Azərbaycana gəliblər.

1990-cı illərdə baş verən 1-ci Qarabağ müharibəsində Ermənistanın– Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilib və ölkənin digər ərazilərinə köçərək 30 ildən çox bu vəziyyətdə yaşamalı olublar.

 

 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsində Azərbaycan tərəfi işğal altında olan ərazilərin böyük hissəsini azad edib. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə bölgə təməmilə, o cümlədən Xankəndi şəhəri də işğaldan azad edilib.

Həmin vaxtdan tərəflər arasında sülh və sərhəd müyyən edilməsi üzrə danışıqlar başlayıb. Artıq iki ölkə arasında uzunluğu təxminən 1000 kilometrə çatan sərhədlərin delimitasiyası üzrə Komissiya sərhədlərin dəqiqləşdirilməsinə başlayıb. İndi isə hər iki tərəf artıq sülh müqaviləsi üzərində işlərin başa çatdığını bildiriblər.

 

Ermənistan Xarici İşlər Nazirliyi martın 13-də yaydığı bəyanatda bildirib ki, Azərbaycanla sülh sazişi layihəsi onun tərəfindən yekunlaşdırılıb.

"Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası sazişin imzalanma tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır".

 

Sonradan bu məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan da təkrarlayıb: “Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq”. Paşinyan qeyd edib.

 

Analoji bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi də səsləndirib: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik”.

 

Azərbaycan XİN-nin bəyanatını nazir Ceyhun Bayramov da təsdiqləyib. «Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə bildirib. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını qeyd edə bilərik».

 

Bununla yanaşı tərəflər arasında həllini gözləyən bəzi məsələlər qalıb, Ermənistan tərəfi müqaviləni imzalamağa hazır olduğunu desə də, rəsmi Bakı iüi mühüm məqamın həll edilməsini də istəyir.

 

Rəsmi Bakı Ermənistandan ilk növbədə Konstitusiyasını dəyişməymi tələb edir – indiki sənəddə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əksini təpıb.

 

«Danışıq aparılmış mətnin (yəni sülh müqaviləsinin – FED.az) imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq» - rəsmi Bakı bildirib.

 

Bakıda ehtiyat edirlər ki, bu iddialar olduğu kimi qalsa, gələcəkdə Ermənistan onlara əsaslanaraq yenidən münaqişəyə başlaya bilər.

 

Ceyhun Bayramov bildirib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılmasının baş tutmasıdır.

Ermənistan tərəfi Bakının konstitusiya ilə bağlı tələbini qəbul etmir, amma son vaxtlar baş nazir Nikol Paşinyan sənədə dəyişiklik edilməsinin vacibliyini vurğulamağa başlayıb. Hazırda qonşu ölkədə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilməsi müzakirə edilir.

Bu məsələ ilə bağlı ən yeni xəbər odur ki, artıq bu gün, martın 13-də Paşinyan yeni konstitusiya üzərində işlərin başlayacağını elan edib.

Ümumiyyətlə son vaxtlar Ermənistan hökuməti uzun illər ermənilər üçün doqmaya çevrilmiş bəzi mövzulara yenidən baxmağa başlayıb. Məsələn, Paşinyan bildirib ki, artıq «Erməni Soyqırımı» mövzusu Ermənistanın xarici siyasətinin prioritetləri arasında deyil, çünki bu məsələnin qabardılması Türkiyə ilə münasibətlərin qurulmasına mane olur.

Bundan başqa, rəsmi Bakı vaxtilə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış, amma heç bir faydası və fəaliyyəti olmayan Minsk qrupunun ləğvini, bundan sonra danışıqların kənar müdaxilə olmadan ikitərəfli qaydada davm etməsini istəyir.

«ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq» - deyə Azərbaycan tərəfinin bəyanatında bildirilir.

Minsk Qrupunun ləğvi Qarabağ münaqişəsinin de yure baş çatmasını təsdiqləyir. Ermənistan tərəfi bu tələbə xüsusi etiraz etmir.

Sülh müqaviləsi ilə bağlı yayılan digər xəbərə əsasən, yeni sənədin imzalanması iki ölkə arasındakı sərhəddə 3-cü ölkənin kadrlarının yerləşdirilməsinin qarşısını alacaq. Rusiyanın TASS xəbər agentliyi Paşinyana istinadən axşamı jurnalistlərə bildirib ki, saziş üçüncü ölkələrin kadrlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə mane olacaq.

Bu müddəa, çox güman ki, Bakının tənqid etdiyi Avropa İttifaqının mülki monitorinq missiyasını, eləcə də Ermənistan sərhədlərinin bəzi hissələrini polis nəzarətində saxlayan rus sərhədçilərini əhatə edəcək.

Hələliksə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin hazır olması ilə bağlı Avropa ölkələrindən təbriklər gəlməyə başlayıb.

Latviyanın xarici işlər naziri Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib.

"Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edirik”, – paylaşımda bildirilib.

Latviyaya qonşu ölkə - Estoniya da Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. "Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır. Biz sülh sazişinin mümkün qədər tez imzalanacağına ümid edirik", – rəsmi bəyanatda bildirilir.

Avstriya XİN Bakı və İrəvanın sülh müqaviləsinin mətni üzrə razılaşmalarını alqışlayır.

“Ermənistan və Azərbaycan arasında sülh işində əldə edilmiş irəliləyişi ürəkdən alqışlayırıq. Sazişin tezliklə imzalanacağına ümid edirik. Hərtərəfli və ədalətli saziş, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, – xarici siyasət idarəsinin məlumatında qeyd olunub.

Sülh danışıqları barədə məlumatdan sonra Fransa rəhbərliyi də açıqlama yayıb. Ftansa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”, – o qeyd edib.

404040404040404040
Seçilən
6
fed.az

1Mənbələr