AZ

Kir Starmer Britaniyanın səhiyyə sistemində mühüm islahatlar aparılacağını elan edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer səhiyyə sistemində mühüm islahatların aparılacağını elan edərək “NHS England” qurumunun ləğv ediləcəyini açıqlayıb. SİA “BBC”yə istinadla xəbər verir ki, bu addım bürokratiyanı azaltmaq, səhiyyə xidmətini daha səmərəli idarə etmək və birbaşa hökumət nəzarətinə qaytarmaq məqsədi daşıyır. K Starmer bildirib ki, dövlət hazırda həddindən artıq yüklənib və diqqətini itirib. Hökumət “NHS England”ın ağır bürokratik sistemə malik olduğunu və aydın hesabatlılıq mexanizmlərinin olmadığını iddia edir. Bu səbəbdən səhiyyə sisteminin daha şəffaf və effektiv idarə olunması üçün radikal struktur dəyişiklikləri həyata keçiriləcək. Yeni islahatların detalları və onların səhiyyə sisteminə təsiri barədə hökumət yaxın günlərdə əlavə məlumat verəcəyini bildirib.

Qeyd edək ki, “NHS England” İngiltərənin səhiyyə sisteminin idarə olunmasına cavabdeh olan müstəqil dövlət qurumudur. 2012-ci ildə Mühafizəkarlar və Liberal Demokratlar koalisiyası dövründə həyata keçirilən səhiyyə islahatları nəticəsində yaradılıb. Bu qurum Milli Səhiyyə Xidmətinin (NHS) gündəlik idarəçiliyi və maliyyələşdirilməsi ilə məşğul olur, eləcə də səhiyyə siyasətinin tətbiqini həyata keçirir.

Lakin, Kir Starmer hökuməti “NHS England”ın çoxsaylı bürokratik maneələr yaratdığını və hökumətə birbaşa hesabat vermədiyini bildirərək, onu ləğv etməyi planlaşdırır. Onun qərarına əsasən, qurumun vəzifələri birbaşa hökumət nəzarətinə keçəcək və səhiyyə sistemi daha mərkəzləşdirilmiş şəkildə idarə olunacaq.

Seçilən
14
1
sia.az

2Mənbələr