AZ

DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA - Kitabdan hissələr- 30

DÖVLƏTİN QARŞISINDA DAYANAN PROBLEMLƏR

İkinci dəfə müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan dövlətinin keçdiyi yola nəzər yetirdikdə bu yolun nəiniki çətin, hətta, həddən ziyadə çətin bir yol oilduğunu görmək olar. Dövlət keçdiyi yolun birinci 10 ilində saysız-hesabsız problemlərlə üz-üzə qaldı. Qərəzi, psevdovətənpərvərliyi, psevdodemokratlığı bir kənara qoyun və yalnız hər bir azərbaycanlıya məxsus olan Dövlət barəsində düşünün.
33 il əvvəli yadınıza salın və Dövlətin bu günkü səviyyəyə necə çatdığını gözünüzün önünə gətirin. Çox ağır, mürəkkəb və məşəqqətli yollardan keçdi Dövlət. Vətən torpaqlarının beşdə birinin 30 il işğalını yaşadı Dövlət. Xocalı soyqırımı ilə sarsıldı Dövlət. Qardaş qırğınının kandarından döndü Dövlət. Parçalanmadan, federallaşmadan, yox olmadan qurtuldu Dövlət.
33 yaşlı suveren Azərbaycanın 22 ilə yaxındır ki, prezidenti İlham Əliyevdir. Onun prezidentliyində-2003-cü ildən böyük Zəfərə qədər keçən 17 ildə Azərbaycan iqtisadi cəhətdən dinamik inkişafa nail oldu. Uğurlu xarici siyasət sayəsində Azərbaycan beynəlxalq arenada böyük etibar qazandı. Transmilli şirkətlər bu etibara rəğmən Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya yatırdı. Məhz bu investisiyalar Dövlət olaraq Azərbaycanın qüdrətini artırdı. İqtisadi qalxınma Azərbaycanın müdafiə gücünə güc qatdı. İqtisadi inkişaf Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirdi. Dinamik iqtisadi tərəqqi Azərbaycan Silahlı Qüvvələrini müasir, modern silah-sursatla təmin etdi. Ki, bu silah-sursat Zəfərlə bitən 44 günlük Vətən müharibəsində öz sözünü dedi.
İlham Əliyev bu inkişaf sayəsində Azərbaycanın simasını dəyişməyə müvəffəq oldu. Çəkilən yollar, salınan körpülər, tikilən yaşayış evləri, ictimai obyektlər, açılan sənaye müəssisələri, idman komplekslər, səhiyyə və təhsil ocaqları, universitetlər... İlham Əliyevin prezidentliyi dövründə görülən işlərin yalnız bir hissəsidir. Prezidentin memarı olduğu bir iş isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Söhbət onun Ali Baş Komandanlığında Azərbaycan xalqının Zəfərə qovuşmasından gedir.
İ. Əliyevin prezidentliyi dönəmidə Azərbaycan beynəlxalq miqyasda davamlı iqtisadi inkişafda olan bir dövlət kimi tanındı, dünya birliyində öz layiqli yerini tutdu, yerləşdiyi bölgədə söz sahibi olan bir ölkəyə çevrildi. O, Azərbaycanda sabitliyi, asayişi tam bərpa etdi. Bu gün Azərbaycanın MDB məkanında mütəşəkkil cinayətkar dəstələrin, “vor zakonların” at oynada bilmədiyi iki-üç dövlətdən biridir.
33 il əvvəl siysi-iqtisadi böhran, xaos yaşayan Dövlət bu gün mühüm beynəlxalq toplantılara, idman yarışlarına ev sahibliyi edir. Fərəhlə demək olar ki, artıq Azərbaycan qloballaşan dünyanın ayrılmaz bir parçasına çevrilib.
Dövlətin bu inkişafını görməmək ya qərəzdən irəli gəlir, ya da, nadanlıqdan.
Son 22 il ərzində Dövlətin qüdrətli olması üçün atılan addəımlar tam olaraq təqdirəlayiqdir. Dövlətin geniş anlamda önəmini dərk edənlərin bu gerçəkliyi etiraf etməsi gərəkdir. Söhbət Dövlətdən gedirsə, cılız söhbətlər kənara qoyulmalıdır. Siyasi baxışından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz Dövləti ilə qürur duymağı bacarmalıdır. Dövlət əbədi, iqtidarlar gəldi-gedərdi.
Və dünyada heç bir iqtidara Dövlətin rastlaşdığı bütün problemləri A-dan Z-yə çözmək nəsib olmayıb. Bizim dövlətin 33 yaşı var. Yaşı 100-dən yuxarı olan dövlətlər var ki, çox ciddi problemlərlə, maneələrlə üz-üzə qalıb. Azərbaycanda da Dövlətin tam olaraq aradan qaldırmağa nail olmadığı problemlər var və bu maneələrin aradan qaldırılmamasının məsuliyyətini təbii ki, mövcud iqtidar daşıyır. Nədir, Dövlətin problemləri? Ən başda gələn Rüşvət və Korrupsiyadır.
RÜŞVƏT VƏ KORRUPSİYA!
DÖVLƏTİN TƏMƏLİNİ VƏ MİLLƏTİN MƏNƏVİ DƏYƏRLƏRİNİ MƏHVƏ SÜRÜKLƏYƏN ƏN QORXUNC BƏLADIR.
Rüşvət nədir? Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət ərəb sözüdür, bizdə onun yerinə urunc kəlməsi işlədilib. XI əsrdə Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf Mahmud Kaşğarinin Divanında belə bir deyim var: bulıtığ yel açar, urunc bilə el açar (buludu külək dağıdar, elləri rüşvətlə zəbt etmək olar).
Azərbaycanda rüşvətin miladı barədə konkret bir tarix olmasa da, bir çox tarixçilər bu virusun bizim məmləkətə daha çox Rusiya imperiyası tərəfindən ixrac edildiyini iddia edir. Rusiya imperiyasının tərkibinə keçməzdən əvvəl Azərbaycanda yaşayan sakinlər arasında qurulan münasibətlərdə insani dəyərlərə önəm veriliri. Adamlar oğurluq etmirdi, yalan danışmırdı, başqasının sərvətinə və namusuna göz dikmirdi. 1846-cı ildə Rusiya imperiyasının Tiflisdə dərc olunan illik nəşri “Kavkazskiy kalendar” Azərbaycan barədə verdiyi məlumatlarınn birində belə yazırdı: “Yerli sakinlərdən heç kəs, hətta gecələr belə evlərinin qapılarını bağlamır, bu barədə düşünmürlər də, qarovul söhbəti, oğurluq söhbəti burada yoxdur”.
Bu bir cümlə XIX əsrin ortalarında Azərbaycan xalqının dürüstlüyünə, saflığına tam olaraq ayna tutur. Rusiyanın işğalından sonra vəziyyət neqativ istiqamətdə dəyişdi. Azərbaycanda rüşvət virusunun epidemiya kimi yayılmasında Rusiya imperiyasının qorodovoyları, pristavları, polis rəisləri, qubernatorları... xüsusi rol oynadı. Bunu 1906-cı ildə Rusiya I Dumasının Azərbaycandan olan 5 deputından biri olmuş Cavad Xanın nəvəsi İsmayıl xan Ziyadxanov ( 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətində hökumət üzvü oldu) belə ifadə edir: “Bizdəki idarə sistemi tənqid xaricindədir. O qədər ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahilləri olaraq düşünülərsə, bu dənizlə sizə gərəkli olmayan nə qədər boş və səfil varsa, hamısını bizim Qafqaz sahillərinə fırıldadıb atırsınız. Və bunlar da əslən əxlaqsız olan bir idarənin məmur kadrlarını tamamlamağa yaramış olurlar...”
Rusiya imperiyasının tabeçiliyinə keçdikdən sonra Azərbaycanda vəziyyət tamamən dəyişdi. Mənfur imperiyanın apardığı siyasət nəticəsində Azərbaycan insanı saxtakarlığa, yalana, ikiüzlülüyə aludə oldu. Rusiya imperiyası XIX-cu əsrdə Azərbaycan xalqının bisavad, cahil kimi yetişməsi üçün əlindən gələni etdi. Dəftərxanalarda rus dilində adi bir ərizə yazmağa savadı çatmayan xalq imperiya idarələrində hər hansı bir problemi həll etmək üçün rüşvət vermək məcburiyyətində qaldı. Mənəvi dəyərlərin deqradasiyasının təməli məhz Rusiya imperiyasının Azərbaycanı işğal etməsiindən sonra başladı. Dünyaya alkoqolizmin, fahişəliyin və cinayətkarlığın ekspansiyasında hər zaman ön sıralarda yer tutan Rusiya imperiyası Azərbaycan xalqına saysız-hesabsız faciələr yaşatdı. Rüşvətlə problemin həlli təkcə pul verib iş aşırmaqla bitmədi. İnsanların həyatına yalan, saxtakarlıq, ikiüzlülük... kimi naqisliklər daxil oldu. 150 ildən artıq qanımızda dövr edən bu naqisliklərdən qurtulmaq üçün ən azı 3 qərinəyə ehtiyac var. Qanımıza, genimizə hopmuş bu neqativ ünsürlərdən xilas olmaq üçün təkcə dövlətin gücü yetərli ola bilməz. Bunun üçün xalqın özünün də zehniyyətində dəyişiklik baş verməlidir. Əgər Azərbaycan xalqının zehniyyətində inqilabi dəyişiklik baş verməyibsə, rüşvətin kökünü kəsmək üçün Dövlətin atdığı addımlar gözlənilən nəticəni verməyəcək.
Yaranma tarixindən və inkişaf səviyyəsindən asılı olmayaraq, rüşvət dünyanın bütün dövlətlərində var və bundan sonra da olacaq. Rüşvət elə bir virusdur ki, mentalitetdə yuva saldıqdan sonra ondan xilas olmaq üçün uzun zamana ehtiyac duyulur. İnqilabi yolla, ən sərt cəza tədbirləri ilə rüşvətin qarşısını almaq mümkün deyil. Daha dürüstü, sərt cəzaların tətbiqi bu cinayətin qarşısını az bir müddət ala bilir. Çünki rüşvət əməliyyatını gerçəkləşdirən tərəflərin əlinin altında yüzlərlə metodlar olur.
Tarixdə faktlar var, bu epidemiyadan xilas olmaq üçün dünya dövlətləri müxtəlif vasitələrdən istifadə edib. Rüşvətə görə ölüm hökmünü tətbiq edən dövlətlər mövcuddur. Bu bəlaya qarşı mübarizə üçün ən radikal tədbirlər Asiya ölkələrində həyata keçirilir. Məsələn, Çində rüşvət almağa görə edam tətbiq olunur. Bu radikal tədbir 1980-ci illərin əvvəllərində Çinin cinayət məcəlləsinə əlavə edilidi. Rüşvətxorun edamı toplumun gözü qarşısında açıq şəkildə həyata keçirilir. Kifayət qədər yüksək vəzifəli məmurlar və böyük korporasiyaların menecerləri də daxil olmaqla, ildə bir neçə min belə cəza gerçəkləşdirilir. Kubada da rüşvətxorluğa görə ölüm cəzası tətbiq edilir. Birləşmiş Ərəb Əmirliklərində məhkəmənin hökmü ilə rüşvətxor məmurların əlləri kəsilir. Şimali Koreyanın prezidenti rüşvət və korrupsiya ittihamı ilə edama məhkum olunan məmurlara qarşı dəhşətli metodlardan istifadə etməyə vərdiş edib. O rüşvətə görə ittiham edilən doğma əmisini insan ağlına gəlməyən bir üsulla cəzalandırıb. Lüt soyundurulmuş rüşvətxor əmisini 3 gün ac saxlanılan 120 itin olduğu qəfəsə atılmasını əmr edib. Yazılanlara görə, 120 ac it prezidentin əmisini yarım saat ərzində yeyib...
Sinqapurda da ölüm hökmü var. Ən ağır cinayətlərdə - xüsusilə vəhşicəsinə adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, dövlətə xəyanət və prezidentin həyatına qəsd zamanı ölüm hökmü tətbiq olunur. 1991-2011-ci illər arasında Sinqapurda rüşvət və korrupsiyaya qurşanan 450 nəfər edam edildi.
Sinqapur 450, Çin minlərlə rüşvətxor məmurunu toplumun gözü qarşısında edam etdi, ancaq rüşvətin kökü kəsilmədi. Şimali Koreya prezidenti doğma əmisini itlərə yedirtdi, fəqət rüşvət bitmədi...
Korrupsia sözü latın mənşəlidir, “corruption” – “xarab etmə”, “pisləşmə”, “dağılma” mənalarını verir. Korrupsiya, hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən problemlərin “kəsə” yolla həllinin həyata keçirildiyi anlayış rüşvətdir. Korrupsiya hərhansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir. Cəmiyyətdə çox vaxt korrupsiya deyiləndə ilk növbədə bu ifadə rüşvət almaq, rüşvət vermək anlamına gəlir. Əslində bu belə deyildir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində korrupsiyanın nədən ibarət olması aydın şəkildə açıqlanır. Korrupsiya dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsi müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etmə, əldə etmə və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı vədi və ya təklifi qəbul etmə və sair hərəkətlər başa düşülür.
Korrupsiya sosial hadisədir. O, şəxsi mənafeyi əsas tutaraq varlanmaq məqsədilə vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə xarakterizə olunan və bir çox hallarda isə az qala onların həyat tərzinə çevrilən, nəticə etibarilə idarəetmə sistemini iflic vəziyyətə salan, ictimai həyatın ən eybəcər formasıdır. İqtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatının inkişaf etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar, sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.
İntibah dövründə yaşamış italyan diplomatı, yazıçı, filosof və tarixçi, daha çox 1513-cü ildə yazdığı, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınan Nikkolo Makiavelli korrupsiyanı əvvəlcədən müəyyənləşdirilməsi çətin, lakin müalicəsi asan olan, bir müddət sonra isə müəyyənləşdirilməsi asan, lakin müalicəsi mümkün olmayan xəstəliyə bənzətmişdir. Nikkolo Makiavelli yazdığı «Hökmdar» kitabında korrupsiyanı «soyğunçuluq sistemi» kimi xarakterizə etmişdir.
Ən qədim cinayət növlərindən biri korrupsiya hesab edilir. Əksər ölkənin dövlət mexanizminə az və ya çox dərəcədə xas olan korrupsiya ilə mübarizə tarixin bütün inkişaf dövrlərində dövlətçiliyi müşayiət etmişdir. Eramızdan əvvəl Qədim Babilstana aid tarixi sənədlərdən məlum olur ki, məmurlar və hakimlər tərəfindən sui-istifadəyə yol verilməsi halları baş vermiş və dini məbəd (xram) qulluqçularının, saray əyanlarının rüşvət alması hallan ilə mübarizə apanlmışdır. Hakimiyyətlə bağlı olan korrupsiyanı Platon və Aristotel siyasətlə əlaqələndirirdi. Müasir zamanda korrupsiya əksər ölkələrin təkcə iqtisadiyyatına deyil, bütövlükdə cəmiyyətə toxunur, dövlətlərin sabitliyini və təhlükəsizliyini təhdid edir, demokratik institut və dəyərləri sarsıdır, davamlı inkişafa və hüququn aliliyinə ciddi zərər vurur.
Dünyanın bütün sivil dövlətləri kimi Azərbaycan da rüşvət və korrupsiyaya ilə mübarizə etmək üçün müxtəlif qərarlar qəbul edib. İlk olaraq Azərbaycan Respublikasının Milli Məclisində 1999-cu il yanvarın 27-də Strastburq şəhərində qəbul olunmuş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiya müvafiq qeyd-şərtlər və bəyanatlarla təsdiq edildi və bu, qanun olaraq Azərbaycan prezidentinin imzaladığı fərmanla 2004-cü il yanvarın 1-dən qüvvəyə mindi.
Azərbaycanda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olundu, o cümlədən, Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edildi. Prezidentin müxtəlif illərdə imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında”, “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında”, “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında”, “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında”, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” sənədlər Azərbaycanda antikorrupsiya platformasının formalaşması üçün zəruri hüquqi bazanın yaranmasını təmin edir. Dövlət başçısı tərəfindən 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanla məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı idi.
Bunlarla yanaşı, Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyətə başladı. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı yeni strateji baxışlar müəyyən edildi.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Son zamanlar ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairələri müəyyənləşdirilir və onlar məsuliyyətə cəlb olunur. O cümlədən respublikamızda neqativ hallara qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması güclü şəkildə təşviq edilir. Gföründüyü kimi, Dövlət rüşvət və korrupsiyanın qarşısını almaq üçün mühüm qanunlar və qəörarlar qəbul edib. Neçə-neçə yüksək ranqlı məmur məhkəmə hökmü ilə həbs olunub. Ancaq atılan bütün addımlara, görülən sərt tədbirlərə baxmayaraq rüşvət və korrupsiya Azərbaycanda meydan sulamaqdadır.
Azərbaycanda rüşvət və korrupsiyanın varlığını Dövlət özü də etiraf edir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu barədə danışıb. Rüşvət və korrupsiyanın dövlətə, dövlətçiliyə çox ağır zərbə vurduğunu dilə gətirib.
Misal üçün: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 mart 2011- ci ildə Bakı Biznes Mərkəzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı korrupsiyaya münasibətini aşağıdakı şəkildə çox sərt ifadə etdi: «Korrupsiyaya qarşı mübarizə tədbirləri bir-iki illik proses və kampaniya deyil. İnsanları incidənlər və əsassız tələblər irəli sürənlər cəzalandırılmalıdır. Ölkənin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. İlkin müsbət nəticələri görürük. Elə etməliyik ki, bu nəticələr daha da gözə görünən olsun. Daha da təsirli olsun. Bu proses bir illik, ya iki illik proses deyil. Bu kampaniya deyil. Bu bizim şuurlu seçimimizdir. Əgər biz doğrudan da ölkəni müasir ölkə kimi görmək, ölkədə bütün sahələrdə inkişafı görmək istəyiriksə, biz mütləq xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır. Böyük narahatçılıq yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə, şəffaflıq təmin edilsin. Burada həm də inzibati tədbirlər görülür və görüləcək. Cəza tədbirləri görülür və görüləcək. Eyni zamanda biz struktur islahatlarını elə aparmaliyiq ki, korrupsiya, rüşvətxorluq üçün olan meydan tamamilə aradan götürülsün. Ancaq struktur islshatlarla istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları bilməlidirlər ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzü ağ, alnı açıq olsun.”
- 30 sentyabr 2013-cü il. İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında çıxış edərkən dedi:
“...Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir.O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır. Onların içində mən “elektron hökumət” sistemini xüsusilə qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyətini qeyd etmək istəyirəm. Qısa müddət ərzində “ASAN xidmət”ə 500 mindən artıq vətəndaş müraciət etmişdir. Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir.”
- 21 may 2020-ci il. Prezident İlham Əliyev Ağstafa və İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə yeni təyinatla bağlı videoformatda keçirdiyi qəbulda bunları deyib: "Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq-mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq... "Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın".
-24 avqust 2020, İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyinatla əlaqədar videoformatda çıxış edərkən bunları dedi:
“...Son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram... Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır..."
Rüşvət və korrupsiyanın qarşısını almaq üçün Dövlət tərəfindən qəbul olunan qərarlar, görülən işlər etiraf olunmalıdır ki, arzu olunan sonucu vermir. Nə qədər vəzifə sahibi həbsə atıldı. İcra hakimiyyəti başçılarının qolu qandallandı.
Ancaq hər iki bəla bu gün də Dövlətin ən ciddi problemi olaraq qalmaqdadır. Rusiya imperiyası Azərbaycana rüşvəti gətirdi. Sovet imperiyasından isə korrupsiyanın incəliklərini mənimsədik.
Dövlət bu xəstəliklərdən xilas olmaq üçün daha hansı addımlar atmalıdır?
Dünyanı idarə edən “üçlükdən” birinə- İngiltərə korrupsiyadan xilas olmaq üçün 100 ildən artıq davamlı mücadilə etdi. Mafioz qüvvələrin dövlətin bütün strukturlarına sirayət etdiyi İtaliya ötən əsrin səksəninci illərinin sonunda həyata keçirdiyi “Təmiz əllər” adlanan bir əməliyyatla ölkədə korrupsiyanın bünövrəsini dağıtdı. Sinqapur, Honkonq, Polşa. Hətta Uqanda və Botsvana qısa zaman kəsimində total korrupsiyadan xilas ola bildi. Qeyd etdik ki, Korrupsiya bütün ölkələrin inkişafına əngəl olaraq Dövlətə xalqın inamını zəiflədir. Korrupsiya, xüsusilə də keçid dövrünü yaşayan ölkələrin inkişafına çox ağır zərbə vurur. Ən başlıcası isə korrupsiya yolu ilə əldə olunan vasitələr sonradan siyasi və iqtisadi təsir mexanizminə çevrilərək, demokratik institutları zəiflədə və korrupsiyanı genişləndirərək ölkəni çıxılmaz vəziyyətə salır. Başqa sözlə, korrupsiya və rüşvət vasitəsi ilə toplanan milyonlar Azərbaycan dövlətinin və dövlətçiliyinin kürəyinə sancılacaq xəncərə dönəcək...

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
0
1
Demokratikmusavat.com

2Mənbələr