AZ

ADPU-da fərqlənən tələbələrlə görüş keçirilib

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyasında yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) əldə edərək adlı təqaüdə layiq görülən və ali təhsil ocağının ictimai həyatında fərqlənən, həmçinin Heydər Əliyev Mərkəzinin fəaliyyətində və COP29-un təşkilində yaxından iştirak edən könüllü tələbələrinin bir qismi ilə görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Cəfər Cəfərov ADPU-nun tələbələrinin daim həm akademik, həm də ictimai fəallıqları ilə seçildiyini qeyd edib. Rektor tələbələrin təhsildə qazandıqları nailiyyətlərin, elmi və sosial fəaliyyətlərdə göstərdikləri fəallığın universitetin ümumi inkişafına töhfə verdiyini vurğulayıb. Müasir pedaqoji yanaşmaların tədris prosesinə inteqrasiyası, tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğun formada təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və innovativ tədris metodlarının genişləndirilməsi ADPU-nun strateji hədəfləri sırasındadır.

Müasir dünyada rəqabətqabiliyyətli kadr olmaq üçün yalnız universitetdə verilən biliyin kifayət etmədiyini vurğulayan Cəfər Cəfərov gənclərin daim öz üzərlərində işləməli olduqlarını qeyd edib.

Fərqlənən tələbələrə diplomlar təqdim edilib.

Sonda istedadlı tələbələr müxtəlif bədii nümunələr səsləndiriblər.

Seçilən
3
tehsil.biz

1Mənbələr