AZ

XİN BMT-nin İnsan Hüquqları Şurasının Ruben Vardanyan işi ilə bağlı Ermənistanın iddialarına qarşı rəyi alqışlayıb

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib. Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub.

 

Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.

 

Eyni zamanda, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın “təqsirsizlik prezumpsiyasını” qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib. Belə ki, guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrup bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib.

 

Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrup qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub.

Tarix: 14 Mart 2025, 08:55   
Seçilən
1
44
pravda.az

10Mənbələr