AZ

Şirkət rəhbəri 873 940 manatlıq dələduzluq etdi - MƏHKƏMƏ

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Qulu Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Qulu Hüseynov MMC-lərdən birinin təsisçisi və direktoru olub. O, digər şirkətlə 1 sentyabr 2021-ci il tarixdə qida məhsulları və digər malların alqı-satqısı haqqında müqavilə bağlayaraq buğda, buğda unu və kəpək götürərək pulunu tam ödəməklə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib. 10 yanvar 2022-ci il tarixdə həmin şirkətin inzibati binasında görüşləri zamanı direktoru olduğu MMC tərəfindən digər MMC-dən 603 584,40 manat dəyərində buğda, buğda unu və kəpəyin satılması barədə razılaşıb və müqavilə bağlayıb. Sonra Qulu Hüseynov ümumilikdə 603 584,40 manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu götürərək naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib.

 

Bundan başqa, o, həmin vəzifədə işləyərkən digər şirkət rəhbərinə buğda satacağı ilə bağlı yalandan vəd verib. Eyni zamanda onun fermasından 6 ədəd iri buynuzlu heyvanı götürərək naməlum şəxslərə satıb. Qulu Hüseynov həmin şirkət rəhbərinin ümumilikdə 190 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, o, digər şəxslərə qarşı eyni yolla 56 488,40 manat və 23 868 manatlıq dələduzluq edib.

 

Beləliklə, Qulu Hüseynov həmin şəxslərin ümumilikdə 873 940 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişlər və məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

 

Qeyd: Qulu Hüseynov daha əvvəl dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 14 Mart 2025, 09:15   
Seçilən
2
pravda.az

1Mənbələr