
Ötən gecə baş tutan görüşlərdən sonra Avropa Liqasında 1/4 finalın bütün cütləri bəlli olub.
Yeniavaz.com xəbər verir ki, “Atletik” doğma meydanında “Roma”ya 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.
İspaniya təmsilçisi səfərdə baş tutan ilk oyunda 2:1 hesabı ilə məğlub olmuşdu.
“Ayntraxt” isə Almaniyada baş tutan görüşdə 4:1 hesablı qələbəyə sevinib və ümumi nəticə əsasında (6:2) 1/4 finala yüksəlib.
Baş tutan digər görüşlərdə “Latsio” “Viktoriya Pilzen”i (1:1 – ümumi hesab 3:2), “Budyo-Glimt” “Olimpiyakos”u (2:1 – ümumi hesab 2:4) “Lion” FCSB-ni (4:0 – ümumi hesab 7:1), “Mançester Yunayted” “Real Soseydad”ı (4:1 – ümumi hesab 5:2), “Tottenhem” isə AZ-ni (3:1 – ümumi hesab 3-2) turnirdən uzaqlaşdırıb.
Gecənin ən dramatik görüşü isə, şübhəsiz, Qlazqoda baş tutub. İstanbuldakı ilk oyunda “Reyncers”ə 1:3 hesabı ilə məğlub olan Türkiyə təmsilçisi səfərdə görüşün əsas vaxtına iki cavabsız top sığdıra bilib və ümumi hesabı bərabərləşdirib. Bununla da oyuna əlavə vaxt təyin olunub. Yarım saatlıq əlavə vaxtda isə tərəflər bir-birlərinin qapısına yol tapa bilməyiblər.
Penaltilər seriyasında “Fənərbağça”nı 3:2 hesabı ilə məğlub edən “Reyncers” Avropa Liqasının 1/4 finalına adını yazdıran sonuncu klub olub.
1/4 finalın cütləri belədir:
“Budyo-Glimt” – “Latsio”;
“Lion” – “Mançester Yunayted”;
“Qlazqo Reyncers” – “Atletik Bilbao”;
“Tottenhem” – “Ayntraxt”.