Dünyada xammal olaraq neft, qaz və daş kömürdən elektrik enerjisi əldə etmək hələ də aktuallığını qoruyub saxlasa da, Günəş və küləkdən enerji almaq getdikcə daha da populyarlaşmaqdadır. Bahalı olmasına rəğmən, xüsusən iqlim dəyişmələri ilə mübarizə aparan, ətraf mühitin sağlamlaşdırılmasına diqqət ayıran ölkələr, enerji infrastrukturunda bərpaolunan enerji mənbələrinə üstünlük verməyə başlayıb.
"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"
Azərbaycan da enerji keçidi mövzusunda yol xəritəsi olan və aydın gündəliklə çıxış edən ölkələrin siyahısında ilk sıralarda yer alır. Ölkədə bərpaolunan enerji mənbələri hesabına qurulan stansiyaların sayı artdıqca, bu, istehsalın həcmində də öz əksini tapır. 2023-cü ilin oktyabrından işə düşən Qafqazın ən böyük Günəş Elektrik Stansiyası “Qobustan”ı misal çəkmək olar ki, burada 570 min Günəş paneli quraşdırılıb və orta illik enerji hasilatı azı 500 milyon kilovat-saata bərabərdir. Sadə hesablama aparsaq, bu həcmlə 110 min evi tam olaraq enerji ilə təmin etmək mümkündür. Digər tərəfdən, 110 milyon kubmetr qaza qənaət olunacağı üçün atmosferə atılan 200 min ton karbon qazının da qarşısı alınmış olacaq.
Azərbaycanın enerji gündəliyində Qarabağ və Şərqi Zəngəzura xüsusi diqqət ayrılıb. Düşünülür ki, bölgənin bərpaolunan enerji potensialının yüksək olması burada Günəş enerjisi stansiyalarının daha səmərəli işləməsinə gətirib çıxaracaq. Bu qəbildən bölgənin ilk nəhəng layihəsinin təməli qoyulub və "Şəfəq" adlanan stansiya 240 meqavat gücündə olacaq. Yenə sadə bir hesablama aparsaq, bu güc illik təxminən 500-700 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da 150 milyon kubmetrə qədər qaza qənaət ediləcəyi deməkdir. Nəticə etibarilə ətraf mühitə atılan 300 min tona yaxın karbon emissiyasının önünə keçmək mümkün olacaq.
Günəş və külək enerjisi stansiyalarından danışarkən, hamını maraqlandıran bir sual var. Vətəndaş fərdi qaydada Günəş paneli alıb evinin damında quraşdıra və özünə lazım olan enerjini istehsal edə bilərmi?
Hər kəs Günəş paneli quraşdıra bilər, amma...
İstər ev olsun, istərsə də inzibati bina - həm fiziki, həm də hüquqi şəxslərə Günəş panelləri alıb quraşdırmağa icazə verilir. Vətəndaşlar şəbəkə ilə çalışmayan Günəş panellərini quraşdırıb, enerjini akkumulyatora yığaraq ondan istifadə etmək istəyirlərsə, bu zaman heç bir icazəyə ehtiyac yoxdur. Yəni vətəndaş sərbəst şəkildə gedib bazardan Günəş panellərini əldə edə və onu quraşdırıb enerji tələbatını qarşılaya bilər.
FED.az xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev bildirir ki, şəbəkə ilə çalışan sistemlərdə vəziyyət bir qədər fərqlidir. Yəni istehsal olunan enerjinin vətəndaşın istehlakı ilə bərabər şəbəkəyə ötürülməsi təmin olunacağı üçün enerji təchizatı müəssisəsi ilə müqavilə bağlamaq vacibdir. Bu məsələ Nazirlər Kabinetinin 2023-cü ilin sentyabrında təsdiqlədiyi “aktiv istehlakçıların dəstəklənməsi mexanizmi”ndə də aydın göstərilib. Vətəndaşlar maksimal gücü 150 kilovat-saata qədər olan bərpaolunan enerji qurğularını şəbəkəyə qoşa bilərlər, lakin bu halda tikinti obyektinin gücü mütləq nəzərə alınmalıdır. Yəni tikinti obyektinin gücü 5 kilovatdırsa, qaydalara əsasən, daha artıq gücdə panellərin quraşdırılmasına icazə verilmir. Hər şeydən əvvəl evin elektrik enerjisinə olan tələbatı müəyyənləşdirilməli, daha sonra tələbata uyğun Günəş paneli əldə edilməlidir. Mütəxəssislər hesab edirlər ki, bir yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün təqribən 2-5 kilovat gücündə elektrik qurğusunun quraşdırılması kifayət edir.
Ehtiyacdan artıq enerji istehsalı varsa, vətəndaş nə etməlidir?
Azərbaycanda yaşıl enerjiyə keçidi təşviq edən bir sıra önəmli layihələr icra olunur ki, bunlardan biri də “aktiv istehlakçının dəstəklənməsi mexanizmi”dir. Bu imkan sayəsində evlərə quraşdırılan Günəş panelləri, enerji istehsalımızı qarşılamaqla bərabər, gəlirlərimizi də artıra bilər. Məsələn, deyək ki, vətəndaş evinin damına Günəş paneli quraşdırıb və özünə lazım olandan daha çox enerji əldə edib. Bu zaman o, istehsal olunan enerjini mərkəzi şəbəkəyə ötürə biləcək və aylıq hesablama nəticəsində şəbəkəyə ötürülən enerji şəxsin istehlakını üstələdiyi halda, arada qalan fərq vətəndaşın bank hesabına pul şəklində köçürüləcək. Bir sözlə, bahalı proses olmasını gözardı etsək, evinin damına Günəş panelləri quraşdıran vətəndaş ətraf mühitə ziyan vurmadan enerji istehsal edib istifadə etmək imkanı ilə bərabər, bunu həm də maddi gəlirə çevirə biləcək.
Özəl sektor mexanizmə cəlb oluna bilər
Ətraf mühit məsələlərini şərh edən ekoloq Rövşən Abbasov hesab edir ki, Azərbaycanda vahid enerji sistemi olduğu üçün “aktiv istehlakçıların dəstəklənməsi mexanizmi” birbaşa şəbəkəyə düşən yükün azalmasına gətirib çıxara bilər. Fərz edək ki, eyni məhəllədə yaşayan 2 qonşudan biri Günəş panellərindən istifadə edir, digəri isə yox. Belə olan halda da digər ərazilərə düşən yük müəyyən qədər azalacaq. Ekoloq enerji istehsalından danışarkən, özəl sektorun prosesə cəlb olunmasını doğru addım hesab edir: “Ölkəmizdə kiçik özəl elektrik enerjisi istehsalçıları olacaqsa və onların işi böyük ölçüdə alternativ enerjiyə yönələcəksə, bu, birbaşa dövlətin enerji sisteminə dəstək olacaq. Bir sözlə, sözügedən sahəyə özəl sektorun cəlbi ictimai maraqlarla özəl təşəbbüslər arasında müəyyən bir balans yaratmağa imkan verəcək. Bu, iqtisadi inkişafa səbəb olan və yeni iş yerlərin açılmasına təkan verən bir prosesdir. Bütün sadalanan yeniliklər ölkənin enerji təhlükəsziliyinə böyük fayda verə bilər”.
Günəş panelləri bu üsulla quraşdırılmalıdır
Günəş panelləri evlərin damına elə yerləşdirilməlidir ki, maneəsiz şəkildə şüaları qəbul edə bilsin. Hündür ağacların altında olması, üzərini toz tutması sistemin effektiv işləməsinə əngəl törədəcək. R.Abbasov deyir ki, panel elə yerləşdirilməlidir ki, Günəş şüaları onun üzərinə perpendikulyar istiqamətdə düşsün. Çünki belə olan halda panellər effektiv şəkildə şüaları uda və daha çox enerji istehsal edə bilər. Digər tərəfdən, vətəndaşlara tövsiyə olunur ki, il üzrə günəşli saatların miqdarını bilsinlər. Mütəxəssislər hesab edirlər ki, panellərin tam gücü ilə işləməsi üçün Günəş radiasiyasının miqdarı çox vacib amildir. Belə ki, panelin 1 kvadratmetrinə 1000 vat radiasiya düşdükdə maksimal elektrik enerjisi istehsal olunur. Onu da unutmamaq lazımdır ki, hava tutqun olduqda düz radiasiyaya nisbətən səpələnən radiasiyanın miqdarı çox olduğundan, elektrik enerjisi istehsalı azala bilir, ancaq yenə də istehsal prosesi davam edir. Sadə bir hesablama aparsaq, 200 vatlıq panelin 1 kvadratmetrinə 1000 vat radiasiya düşdükdə, o, maksimum, yəni 200 vat-saat elektrik enerjisi istehsal etmiş olacaq.
Səmərəli enerji istehlakı üçün atılmalı addımlar
Vətəndaşlardan ən böyük gözlənti əldə edilən enerjini səmərəli istifadə etmələridir. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri C.Əliyev deyir ki, səmərəlilik evlərimizdəki avadanlıqların keyfiyyətindən çox asılıdır. Yəni istehlakçı həm elektrik avadanlığı, həm də işıq lampası seçərkən hansı enerji səmərəliliyi sinfinə aid olmasına xüsusi diqqət yetirməlidir. Belə avadanlıqların istifadəsi elektrik enerjisinin istehlakını minimuma endirir və nəticədə vətəndaşlar şəbəkəyə daha çox enerji ötürə bilirlər.
Qənaətdən söz düşmüşkən, ekoloq R.Abbasov Günəş enerjisi ilə işləyən su qızdırıcılarından istifadəyə üstünlük verməyi tövsiyə edir. Bu, qaza ciddi şəkildə qənaət etməyə və enerji israfının qarşısını almağa imkan verir. Ən əsası isə ilin bütün fəsillərində daimi isti suya çıxış mümkün olur.
Günəş panelləri alarkən texniki dəstək vacibdir
Vətəndaş Günəş paneli alırsa, ilk növbədə onun texniki parametləri ilə tanış olmalı, avadanlığa hansı formada texniki qulluq etməli olduğuna dair təlimatı diqqətlə oxumalıdır. R.Abbasov hesab edir ki, enerji səmərəliliyi üçün texniki dəstək ən önəmli şərtlərdəndir. Bazarda qiyməti ucuz panellərə rast gəlmək olar ki, onların keyfiyyəti aşağıdır və uzun müddət istismar olunduqda tez sıradan çıxır. Sözügedən qurğuları alan vətəndaş mağazadan texniki xidmətin olub-olmaması ilə maraqlanmalıdır. Yəni gözlənilməz nasazlıq yaranacağı halda, kimin qapısını döyəcəyini əvvəlcədən bilməlidir.
İnventarların və akkumulyatorların seçiminə diqqət!
İnventarlar və akkumulyatorlar Günəşdən alınan şüaları enerjiyə çevirən vacib avadanlıqlardır ki, bunun da seçilməsi zamanı diqqət tələb olunur. Belə avadanlıq alanda peşəkarların tövsiyələrindən faydalanmaq məsləhət görülür. Günəş parlamayan saatlarda enerjinin saxlanması funksiyasını yerinə yetirən avadanlıqları keyfiyyətinə görə seçilən markalardan almaq tövsiyə edilir. Bir məsələni də unutmaq olmaz ki, Günəş panellərinə 20-25 il zəmanət verildiyi halda, inventarlara verilən zəmanət adətən 10 ili keçmir.
Günəş panellərinin təkrar emalı
Keyfiyyətli Günəş panelləri düzgün texniki qulluq edilməklə 50 ilə qədər istismar oluna bilər. Bəzi inkişaf etmiş ölkələrdə avadanlıqlar istismar müddətini başa vurduqdan sonra təkrar emala göndərilir ki, bu da xüsusi bir mexanizmlə tənzimlənir. Amma ölkəmizdə bu sahə yeni inkişaf etməyə başladığı üçün təkrar emal hələ aktual deyil. Qeyd etmək lazımdır ki, Azərbaycanda quraşdırılan Günəş panelləri hələ istifadə müddətini başa vurmayıb. Ölkəmizdə alternativ enerjiyə keçid tempi təkrar emal müəssisəsinin yaradılmasını qaçılmaz edir. (Vergiler.az)