Həbsxanada aclıq aksiyası keçirən Perunun keçmiş prezidenti Pedro Kastillonun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, Kastillo təcili yardım maşını ilə 2022-ci ilin dekabr ayından saxlandığı həbsxanadan, Vitarte rayonundakı xəstəxanaya aparılıb.
Səlahiyyətlilər Kastillonun maye-elektrolit balansının pozulması və yüngül susuzlaşdırma şübhəsi ilə xəstəxanaya göndərildiyini açıqladı.
Hakim Norma Carbajal 55 yaşlı Kastillonun həyatının təhlükədə olmadığını bildirib və əlavə edib: "O, ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, vəziyyəti stabildir".
Yerli mediaya görə, bu arada, aclıq aksiyasına görə həbsxana qaydalarını pozan Kastillonun ziyarətçi hüquqları dayandırılıb.
Onun keçmiş vəkili Valter Ayala elan edib ki, Kastillo hüquqlarının bərpası üçün İnsan Hüquqları üzrə Amerikalararası Komissiyaya müraciət edib.
Xatırladaq ki, Kastillo martın 10-da “ictimai asayişi pozmaq” ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesinə etiraz olaraq həbsxanada aclıq aksiyasına başladığını elan edib.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Kastillo, "Heç vaxt etmədiyim cinayətlərə görə haqsız yerə həbs olundum. Bu gündən etibarən mənə edilən haqsızlıqlara görə aclıq aksiyası keçirməyə qərar verdim" deyib.