AZ

Əli Əsədov: "Qeyri-neft ixracı 3.3 milyard dolları üstələnib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub".
Oxu.Az xəbər verir ki, bunu hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.
Onun sözlərinə görə, qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib:
"2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd. dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir. İlin sonuna xarici dövlət borcunun məbləği 20.6% azalaraq 5.1 mlrd. dollar olub və ÜDM-in cəmi 6.9%-ni təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib".
"Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9%, orta illik inflyasiya isə 2.2% olub. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37.7 mlrd. manat (95% icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib. Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib. İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında 3.3 mlrd. manat dəyərində məhsul istehsal olunub, ondan 1.1 mlrd. manat həcmində məhsul ixracı edilib. Hesabat ilində institusional sahədə islahatlar davam edib, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib", - hökumət başçısı əlavə edib.
Mərahim Nəsib
Seçilən
3
oxu.az

1Mənbələr