"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının "Reyncers"lə cavab matçından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Unikal" xəbər verir ki, portuqaliyalı mütəxəssis penaltilərlə uduzduqları matçda hakim idarəçiliyindən narazı qaldığını bildirib:
"Bu gün 3 penaltisi verilməyən komanda biz idik. Hər şey çox qəribədir. Çempionlar Liqasında olmamağımız da təəccüblüdür. "Lill"lə matçda verilməyən penaltilər... Xahiş edirəm, bu görüşdə də məni ədalətli oyunda ittiham etməyin. Mən buna layiq olduğumuzu düşünmürəm. Hətta "Reyncers" azarkeşləri də mənimlə razılaşacaqlar. Bu gecə ən yaxşı komanda biz idik".
Mourinyo ümumilikdə hakimlərin onlara qarşı qərəzli olmasına işarə edib: "Ümid edirəm ki, ağlıma gələni ifadə etmirəm. Mən cəzalandırılmaq istəmirəm. Ümid edirəm ki, bu mövsüm Avropada baş verənlər sadəcə bəxt məsələsidir. İnanmaq istəyirəm ki, bugünkü qərarlar Budapeştdəki finalın (2022-2023 mövsümünün "Sevilya" - "Roma" finalı (penaltilər - 4:1) - red.) davamı deyil".
O, fikirlərinə belə davam edib: "Yenidən qələbələr qazanmağımız mümkün olacaq. Futbolçuların və mənim bir xəyalımız var idi. Bu gün xəyallarımızı itirdik. Vidalaşacaqdıqsa, bu formada vidalaşmaq ən gözəlidir. Biz digər komandalardan fərqli olaraq o qüruru hiss etmədən Avropadan kənarlaşdırılmadıq. Penaltilərdə qalib gəlsək, bu qədər qürur duya bilməzdim”.
Xatırladaq ki, "Fənərbaxça" ilk oyunda öz meydanında "Reyncers"ə 1:3 hesabı ilə uduzub. Ötən gecə Şotlandiyada keçirilən görüşdə isə İstanbul klubu əsas və əlavə vaxtda 2:0 hesabı ilə üstün olub. Penaltilərdə isə "Reyncers" qalib gəlib - 3:2.