AZ

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin birinci cildi çapdan çıxıb

Bakı, 14 mart, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimləri lüğəti”nin birinci cildi çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a məlumat verən şöbənin müdiri dosent Elçin İsmayılov bildirib ki, toponimlər mühüm dil faktlarıdır. Onların varlığında xalqların, tayfaların etnogenezinin izləri qorunur. Hər zaman tarixi saxtalaşdırmağa çalışan ermənilər Qərbi Azərbaycandakı türk mənşəli toponimləri dəyişdirib, el-obamızın adlarına qarşı soyqırımı törədiblər. Bu mənada Azərbaycan türklərinin yaşadığı ərazilərdə mövcud olan makro və mikro toponimlərin toplanması, tədqiqi, onların izahlı şəkildə xalqa çatdırılması tarixi həqiqəti ortaya qoymağa imkan verir. Qərbi Azərbaycan ərazisindəki el-oba adlarının, onomastik vahidlərin öyrənilməsi həm də milli-mənəvi mənafe məsələsidir, tarixi baxımdan olduqca aktualdır və günün tələblərinə cavab verir.

Onun sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki onomastik vahidlərin mütləq əksəriyyəti türkcədir. Toponimlərin araşdırılması bir daha təsdiq edir ki, Azərbaycan türkləri ərazinin qədim avtoxton sakinləri olublar. Lüğətdə toplanmış toponimlər xalqımızın dünəni və bu günü ilə bağlı olan coğrafi adlardır. Lüğətdə Qərbi Azərbaycanın Qarakilsə, Gorus, Basarkeçər, Qafan, Çəmbərək, Paşalı (Əzizbəyov), Meğri rayonlarının toponimləri toplanıb. Əminik ki, “Qərbi Azərbaycan toponimləri lüğəti” Azərbaycan elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq.

 

Seçilən
0
2
azertag.az

3Mənbələr