“Sülh sazişi üzrə danışıqlar başa çatıb və sazişin mətni razılaşdırılıb. Mən bunu Ermənistan ətrafındakı regionda münasibətlərin normallaşması və sülhün bərqərar olması üçün son dərəcə mühüm mərhələ hesab edirəm”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan sazişin yeri, vaxtı və digər təfərrüatlarını razılaşdırmaq üçün Azərbaycanla məsləhətləşmələrə mümkün qədər tez başlamağı təklif edir.
Onun sözlərinə görə, razılaşdırılmış sazişin mətnində Zəngəzur dəhlizi bağlı heç bir müddəa yoxdur.
“Müqavilənin mətnində ümumiyyətlə blokajın açılması mexanizmləri haqqında heç nə yoxdur. Nəqliyyat, tranzit və iqtisadi məsələlər də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığa ikitərəfli istək var”, - deyə Mirzoyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan Respublikasının bütün dəmir yolları, avtomobil yolları, infrastrukturları Ermənistanın suverenliyi altında və qanunvericiliyinə uyğun olaraq qalacaq və fəaliyyət göstərəcək. Bu infrastrukturlara hər hansı üçüncü qüvvələr tərəfindən nəzarət edilməsinə ehtiyac yoxdur.
Daşqın HəsənovMissiya.Az