Bakı, 14 mart, AZƏRTAC
ABŞ Poçt Xidməti (U.S. Postal Service, USPS) 10 min işçini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Poçt Xidməti rəhbərliyinin konqres üzvlərinə göndərdiyi məktuba istinadla məlumat yayıb. Bildirilir ki, ixtisarın könüllü erkən pensiya proqramı çərçivəsində 30 gün ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Təxminən 640 min nəfərin çalışdığı USPS-də genişmiqyaslı ixtisarlar bundan əvvəl də aparılıb - 2021-ci ildə 30 min əməkdaş işdən çıxarılmışdı.
Məktubda deyilir ki, Poçt Xidmətinin rəhbərliyi xərcləri optimallaşdırmağa, problemləri müəyyənləşdirməyə və səmərəliliyi artırmağa kömək edəcək ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq etmək niyyətindədir.
Xidmət 10 il ərzində xərcləri təxminən 30 milyard dollar azaltmaq planlarını da açıqlayıb.