AZ

Azərbaycanda neft və qaz emalı üzrə göstəricilər açıqlanıb

Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) istehsal edilən əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib.

Korrespondent.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Hesabata əsasən, ötən il zavodda 5 809,3 min ton xam neft emal olunaraq 1 251,5 min ton avtomobil benzini, 590,3 min ton reaktiv mühərrik yanacağı, 2 061,9 min ton dizel yanacağı, 178,2 min ton maye qaz, 265 min ton bitum, 12 min ton sürtgü yağları, 183,4 min ton koks və digər məhsullar istehsal olunub.

“Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 97,5% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib”, - hesabatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə neft məhsullarının ixracından daxilolmalar 273,6 mln. ABŞ dolları, daxili satışından isə 4 735,3 mln. manat təşkil edib.

Hesabata görə, 2024-cü ildə SOCAR-ən Qaz Emalı Zavodunda 3 377 mln. kubmetr təbii qaz emal edilmiş, ondan 3 327,0 mln. kubmetr təmizlənmiş quru qaz, 12,2 min ton texniki butan və 26 min ton qaz benzini istehsal olunub.

“Qaz benzininin bütün həcmi xammal kimi "Azərikimya" İstehsalat Birliyinə təchiz edilib, texniki butan isə bütövlükdə daxili bazarda satışa yönəldilib”, - hesabatda vurğulanır.

Bununla yanaşı, hesabat ilində Karbamid Zavodunda 652 min ton azot gübrəsi istehsal edilib və bunun da 63 min tonu daxili bazara, 570 min ton isə ixraca yönəldilib. Metanol Zavodunda isə 555,3 mln. kubmetr həcmində qaz emalı hesabına 516,5 min ton metanol istehsal olunaraq 95%-i ixraca yönəldilib.

“2024-cü ildə "SOCAR Polymer" MMC tərəfindən 124 min ton polipropilen və 73 min ton yüksək sıxlıqlı polietilen məhsulu istehsal edilmişdir ki, bunların da 99%-i ixrac edilmiş, 1%-i daxili bazarda satılıb”, - hesabatda deyilir.

Seçilən
25
4
korrespondent.az

5Mənbələr