AZ

Azərbaycan qadını ərindən buna görə BOŞANIR? – 70 faiz xanımın ortaq dərdi...

Statistik hesablamalara əsasən, Azərbaycanda boşanmaq üçün müraciət edənlərin 70 faizi qadınların payına düşür. Lakin açıqlanan bu rəqəm cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs bu cür açıqlamalar cəmiyyətdə qadınların mövqeyinə necə təsir edir. Ən önəmlisi isə açıqlanan rəqəm həqiqəti nə dərəcədə əks etdirir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə məsələni müzakirə etdik. Müsahibimiz Yenisabah.az-a bildirdi ki, belə açıqlamalar qanunauyğundur, lakin bəzi cəmiyyətlər üçün bu cür açıqlamalar qadının roluna təsirsiz ötüşmür:

Gördüyünüz kimi, kifayət qədər ajiotaj yaradıb. Bəziləri ittiham, bəziləri isə müdafiə mövqeyinə keçib.

Ölkədə qadın-kişi bərabərliyinin təminatına dair müxtəlif qanun və normativ hüquqi sənədlər mövcuddur. Məhz bu sənədlər qadınların da qanundan bəhrələnməsi üçün nəzərdə tutulub. Mən səbəbləri söyləməyəcəm, çünki bu, xeyli uzun bir siyahı ola bilər. Lakin istənilən rəqəm səsləndirildikdə, səlahiyyətli qurumlardan, yəni Ədliyyə və Mediasiya təşkilatlarından proseslərdə aşkarlanan səbəblərin ümumiləşdirilmiş xülasəsini almaq olar. Yaxşı olardı ki, rəqəmlər səsləndirilərkən, paralel olaraq səbəblər də qeyd edilsin.

Zaman var idi ki, boşanma üçün müraciət edənlərin əsas səbəbi "xasiyyətimiz uyğun deyil" cümləsi idi. İndi Mediasiya vasitəsilə bunu daha dəqiq müəyyən etmək olur. Hətta boşanma ərizəsində səbəb "xarakter uyğunsuzluğu" göstərilsə belə, obyektiv təhlil üçün, dediyim kimi, bir çox mənbələrə istinad etmək, o cümlədən sığınacağı olan QHT-lərdən də ümumi məlumatları toplamaq olar”.

M.Zeynalova vurğulayıb ki, hər ilin sonunda belə bir araşdırma aparmaq, məlumatları toplamaq və problemin həlli üçün strategiyalar hazırlamaq lazımdır:

“Məsələn, ailədaxili münaqişələrlə bağlı bu yaxınlarda Nazirlər Kabinetinin bir qərarı qəbul edildi. Onu yaxşı təbliğ edib, ilin sonunda dəyişiklik dinamikasına baxmaq lazımdır. Həmin qərarın nə dərəcədə təsir etdiyini müəyyən edib, faiz hesabını göstərmək olar.

Hazırda geniş yayılmış digər bir hal isə psixoloji zorakılıq və təqibdir. İnsanlar fiziki zorakılığın cəzalandırıldığını başa düşdükcə, zorakılığın digər formalarına keçid edirlər. Məsələ təkcə zorakılıqda deyil, kompleks yanaşma tələb edir.

Düzdür, biz deyirik ki, bizim ailə modelimiz dəyərlərə söykənir. Amma araşdıraq görək ki, ənənəvi ailə modeli neçə faizi təşkil edir? Qarışıq tip ailə modelləri olduqca çoxdur. Artıq müasir ailə modeli formatını düşünmək lazımdır. Elə bir model ki, həm milli düşüncədə böyüyən gənclər, həm də ailənin vəzifə və öhdəliklərini dərk edən insanlar üçün uyğundur.

İndiki halda ictimai münasibətlər çərçivəsində bunu tənzimləmək çətindir. Əvvəllər bu məsələ qanundan daha çox ictimai münasibətlər və ictimai nəzarət qismində formalaşmışdı. İndi isə belə deyil. Yüksək faizlə əhali eyni ailə modelində yaşamır. Ona görə də, düşünülərək ideoloji əsasları olan bir ailə modelinin strategiyası hazırlanmalıdır. İnsan haqlarına söykənən, bərabər münasibətli ailə modeli yaradılmalıdır.

Əlbəttə ki, bu, eyni zamanda milli dəyərlərimizə söykənən təbliğat elementlərini də özündə əks etdirməlidir. Çünki xalqlar öz milli kimliyini unutduqda artıq xalq olmur. Xalqın da xalq olması üçün milli ailə modeli formalaşmalıdır. Biz hazırda müasir qanunlarla, köhnə qaydalara söykənərək ailə münasibətlərimizi yaşamağa çalışırıq. Məncə, bu barədə ciddi düşünmək lazımdır”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr