AZ

Xarici şirkətlərə tam “yox” demək realist deyil, amma onların təcrübəsindən ağıllı istifadə etməliyik

Xarici konsaltinq şirkətlərinin həqiqi misyası nədir? Bu sual Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə strateji layihələrin uğursuzluğu ilə üzləşəndə ağla gələn ilk suallardan biridir. Xüsusən ABŞ mənşəli şirkətlər öz ölkələrində və ya ABŞ-ın maraq dairəsindəki bölgələrdə (Qərbi Avropa, Yaponiya kimi) parlaq nəticələr əldə edir. Amma Azərbaycan kimi ölkələrdə milyonlarla dollar ödənişə baxmayaraq layihələr ya qismən uğursuz olur, ya da uzunmüddətli təsir göstərmir. Bəlkə onların misyası sadəcə pul qazanmaqdır? Yoxsa daha dərin bir gündəm var – bizi bilərəkdən zəif saxlamaq, inkişafdan geri qoymaq? Bu şübhə təsadüfi deyil və qlobal güc dinamikasına baxdıqda məntiqli görünür.

Məsələn, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin gərgin fazada qalmasını təmin etdi. Nəticə nə oldu? Problem onların iştirakı olmadan, Azərbaycanın öz gücü ilə həll edildi və uğur qazanıldı. Eynilə, konsaltinq şirkətləri də bəzən “vəziyyəti idarə etmək” üçün gəlir, amma real, davamlı həllər təklif etmir. ABŞ və Çin kimi hegemon dövlətlər öz texnolojik və iqtisadi üstünlüklərini qorumaq istəyir. Onların böyük şirkətləri – istər texnoloji, istərsə də konsaltinq – bu qlobal strategiyaya xidmət edir. Azərbaycan kimi ölkələr isə onlar üçün sadəcə qısamüddətli gəlir mənbəyidir. İş görmək üçün deyil, pul qazanmaq üçün gəlirlər. Bəlkə onların birbaşa məqsədi bizi uğursuz etmək deyil, amma inkişaf etməyimizi də istəmirlər – bu, onların maraqlarına ziddir.

Bəs niyə illərdir Azərbaycanda güclü konsaltinq şirkətləri yarada bilməmişik? Niyə inkişafımızı özümüz təmin edə bilmirik və xaricdən asılı qalmışıq? Bunun səbəbi illərdir ölkədə kök salmış miflərdir: “Biz bacarmarıq, ancaq xarici təcrübəyə istinad etməliyik”, “Yerli mütəxəssislər bacarmaz, çünki təcrübələri yoxdur”. Bu stereotiplər yerli potensialın inkişafına imkan vermədi. İlk səhvdə yerli şirkətləri “silib atdılar”, təkmilləşməyə şans tanımadılar. Nəticə aydındır: Xarici şirkətlər Azərbaycanı “südü bol inək” kimi görür, yerli şirkətlər isə böyüyə bilmir.

Bu miflərin kökü haradadır? Bir tərəfdən, sovet dövründən miras qalan mərkəzdən asılılıq mentaliteti və postsovet məkanında yayılan “Qərb bilir, biz bilmirik” düşüncəsi. Digər tərəfdən, bəzi məmurların səhv strategiyaları və şəxsi maraqları. Strateji layihələrdə yerli komandalar əvəzinə xarici brendlərə üstünlük verilməsi, tenderlərdə “prestij” axtarışı və qısamüddətli nəticələrə fokuslanma yerli inkişafın qarşısını alır. Xarici şirkətlərə qarşı deyiləm – onların təcrübəsi dəyərlidir. Amma onların səmimi olmadığını qəbul etməliyik. Bizi bilərəkdən əngəlləməsələr də, uzunmüddətli uğurumuz onların prioriteti deyil.

Müasir texnologiyalar və sənayelər ABŞ və Çin kimi ölkələrdə qurulur. Onların digər ölkələrin inkişafına maraqlı olması qlobal rəqabətin təbiətinə ziddir. Azərbaycanda isə illərdir bir çox strateji layihə qismən uğursuz alınıb. Bunun səbəbi xaricdən çox, daxildədir: Biz öz potensialımıza şans vermirik. Bəzi məmurlar inkişafın qarşısını alır – ya şəxsi eqoları ilə məşğuldurlar, ya da xarici təhlükələri görməməzliyə vururlar. Hansı ilə mübarizə aparaq, bilmirəm. Amma bu vəziyyət dəyişməsə, xaricə asılılıqdan qurtula bilməyəcəyik.

Çıxış yolu nədir? Xarici şirkətlərə tam “yox” demək realist deyil, amma onların təcrübəsindən ağıllı istifadə etməliyik. Dövlət siyasəti yerli şirkətlərə üstünlük verməli, “xarici prestij” axtarışından vaz keçməli və xaricilərə yalnız spesifik, yüksək ixtisas tələb edən sahələrdə müraciət etməlidir. Xaricdən bilik idxal etmək əvəzinə, o bilikləri yerli komandalarla birləşdirib “transfer” etmək lazımdır.

Mentalitet dəyişməlidir. Qarabağda öz gücümüzlə qələbə qazandığımız kimi, iqtisadiyyatda da “biz bacararıq” düşüncəsinə keçməliyik. Yerli mütəxəssislərə inam göstərilməli, səhvlərdən öyrənmələrinə imkan yaradılmalıdır. Əks halda, xarici şirkətlər gəlib-gedəcək, biz isə yerimizdə sayacağıq.

Azərbaycanın gələcəyi xarici güclərin və onların strategiyalarının əlində deyil. Həqiqi inkişaf daxildə qurulan güclü, müstəqil düşüncə mərkəzləri və milli potensiala verilən dəyər üzərində inşa ediləcək. Biz özümüzə şans verməsək, heç kəs bizə bu şansı verməyəcək.

Elvin Abbasov

visiontv.az



Seçilən
2
visiontv.az

1Mənbələr