"Ziraat Bank Azərbaycan”ın problemli kreditləri artmaqda davam edib.
“Yeni Sabah” xəbər verir ki, bankın problemli kreditləri 2023-cü ilə nisbətən ötən il 2 dəfə və ya 17,5 milyon manat artaraq 34,45 milyon manata yüksəlib. 2023-cü il üzrə bu rəqəm 16,94 milyon manata bərabər olub.
Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3%-dən 6,5%-ə kimi artmasına təsir edib.
“Ziraat Bank Azərbaycan”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın sözügedən biznes kreditləri 16,96 milyon manat artaraq 16,91 milyon manatdan 33,88 milyon manata kimi yüksəlib.
Problemli istehlak kreditləri kəskin artsa da, həcm olaraq azdır, yəni 510,8 min manata bərabər olub. Daşınmaz əmlak üzrə problemli kreditlər cəmi 62,9 min manat təşkil edib.
Bu dövrdə bankın ümidsiz kreditləri, yəni bir ildən artıq gecikdirilən kreditlər 6,96 milyon manata bərabər olub.
Qeyd edək ki, 90 gündən artıq gecikdirilən kreditlər problemli kreditlər hesab edilir.
Telegram kanalımız