Azərbaycan Universitetində Gənc tədqiqatçıların VIII respublika elmi konfransı keçirilib. Konfrans informasiya-kommunikasiya texnologiyaları və tətbiqləri, humanitar elmlər, iqtisadiyyat, sosial elmlər və təbiət elmləri istiqamətləri üzrə təşkil edilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, tədbirin açılışında salamlama nitqi ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov konfransın tarixi haqqında məlumat verib. Prorektor qeyd edib ki, konfransın iştirakçılarının sayı əvvəlki illərlə müqayisədə hər il artır. Tədbirə olan marağın ildən-ilə artması göstərir ki, konfrans gənc tədqiqatçıların diqqətini cəlb edib, özünü təsdiqləyib və artıq öz auditoriyasını qazanıb.
Yusif Qasımov çıxışında konfransın işinə uğurlar arzulayıb və tədbirin bu il “Konstitusiya və Suverenlik İli”nə təsadüf etdiyini də diqqətə çatdırıb. Bildirib ki, 2025-ci il prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub: “Bu iki tarixi hadisə - Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki möhtəşəm qələbəmizin 5-ci ildönümü ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edir”, - deyə prorektor əlavə edib.
Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva çıxışında konfransa təqdim olunan tədqiqat işləri və yeni təsis olunan “Paradigma” elmi jurnalı haqqında məlumat verib. Nüşabə Quliyeva qeyd edib ki, Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə təsis edilən yeni “Paradigma” elmi jurnalı magistrant və doktorantlar üçün nəzərdə tutulub. Jurnalın məqsədi gənc tədqiqatçılara öz nəticələrini elmi ictimaiyyətə təqdim etmək üçün platforma təklif etməkdir. Jurnal multidissiplinardır, bir çox elm sahələrini əhatə edir və ildə dörd dəfə çap olunacaq.
Daha sonra gənc alimlər – Bakı Dövlət Universitetinin Fizika-elektronika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Şirxan Hümbətov və Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevanın çıxışları dinlənilib. Gənc alimlər öz həyat hekayələrini tədbir iştirakçıları ilə bölüşüb, istək, hədəf və motivasiyanın uğura gedən yolda əhəmiyyətini diqqətə çatdırıblar.
Açılışın ardından tədbirin işi 7 bölmə iclasında davam edib.
Qeyd edək ki, 2018-ci ildən başlayaraq hər il keçirilərək ənənəvi hal alan, akademik və elmi baxımdan olduqca zəngin olan konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif təhsil səviyyələrində təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir. Konfransa bu il 300-ə yaxın tezis təqdim olunub, onlardan 220-si qəbul olunub. Konfrans materialları pdf formatda universitetin saytında yerləşdirilib.