AZ

Devid Moyes - Premyer Liqada fevral ayının ən yaxşısı!

Şotlandiyalı futbol mütəxəssisi, “Everton”a rəhbərlik edən Devid Moyes İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Moyes azarkeşlərin səsverməsinə əsasən Oliver Qlasner (“Kristal Pelas”), Angelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Qeyd edək ki, Devid Moyes karyerası ərzində 11-ci dəfə Premyer Liqada ayın baş məşqçisi seçilib. Bununla da o, Xosep Qvardiolanın uğurunu təkrarlayıb. Sözügedən mükafatı ən çox Aleks Ferqyuson (27 dəfə) və Arsen Venger (15) qazanıblar.

Xatırladaq ki, Devid Moyes bu ilin yanvar ayından “Everton”a rəhbərlik edir. Şotlandiyalı mütəxəssis bu komandanı indiyə qədər 10 oyuna çıxarıb, 4 qələbə, 4 heç-heçə və 2 məğlubiyyət görüb. Moyesin komandası fevralda 3 heç-heçə edib, 2 qələbəyə sevinib.

61 yaşlı mütəxəssis 2002-2013-cü illərdə də “Everton”un baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə şotland mütəxəssisin rəhbərliyi altında “Everton” bütün yarışlarda 518 oyun keçirib, 221 qələbə, 134 dəfə heç-heçə, 163 dəfə məğlubiyyət yaşayıb.

Devid Moyes məşqçilik karyerası ərzində “Preston”, “Mançester Yunayted”, “Real Sosyedad”, “Sanderlend”, “Vest Hem” kimi komandalara da rəhbərlik edib. Təcrübəli mütəxəssis vaxtilə “Preston”u İngiltərə 3-cü Liqasının qalibi edib, “Vest Hem”lə Avropa Konfrans Liqasını, “Mançester Yunayted”lə İngiltərə Super Kubokunu qazanb.

“Everton” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda 28 oyuna cəmi 33 xal toplayıb və 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. “Everton” 7 qələbə, 12 heç-heçə və 9 məğlubiyyət görüb.

Sonda Premyer Liqanın cari mövsümündə ən yaxşı seçilmiş bütün məşqçilərin siyahısını təqdim edirik:

Avqust 2024 – Fabian Hürtseler (“Brayton”)
Sentyabr 2024 – Entso Mareska (“Çelsi”)
Oktyabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest)
Noyabr 2024 – Arne Slot (“Liverpul”)
Dekabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest)
Yanvar 2024 – Andoni İraola (“Bornmut”)

Seçilən
13
arena.az

1Mənbələr