AZ

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

Berlin, 15 mart, AZƏRTAC

Almaniyada federal seçkilərin qalibi olan Xristian Birlik (CDU/CSU), eləcə də Sosial Demokrat (SPD) və Yaşıllar partiyaları iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard avroluq maliyyə paketi barəsində razılığa gəliblər.

AZƏRTAC “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə CDU lideri və ehtimal olunan gələcək Kansler Fridrix Merts Berlində təşkil olunan mətbuat konfransında məlumat verib. F.Merts razılaşmanın uzun və gərgin danışıqlardan sonra əldə olunduğunu vurğulayıb.

Razılaşmaya əsasən, müdafiə, mülki müdafiə və kiber təhlükəsizlik sahələrinə də əlavə vəsait ayrılacaq. Bundan əlavə, federal əyalətlərə büdcə kəsirini 0,35 faizə qədər artırmağa imkan veriləcək.

Yaşıllar Partiyasının həmsədri Katarina Dröge bu razılaşmanın Almaniyanın 2045-ci ilə qədər iqlim neytrallığı hədəfinə çatmasına kömək edəcəyini bildirib.

Maliyyə paketi çərçivəsində infrastrukturun modernləşdirilməsi və bərpaolunan enerji layihələrinin inkişafı da nəzərdə tutulur.

SPD lideri Lars Klingbayl razılaşmanı “tarixi addım” adlandırıb və qeyd edib ki, bu, uzun illər davam edən siyasi blokadanı aradan qaldıracaq.

İqtisadçılar da bu addımı Almaniya iqtisadiyyatı üçün mühüm irəliləyiş kimi qiymətləndiriblər.

Lakin ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) və Sol Partiya razılaşmanı tənqid edərək, bunun sosial ədalətə zərər vuracağını iddia ediblər.

Qeyd edək ki, əldə olunan razılaşma Bundestaq və Əyalət Nümayəndələri Şurası (Bundesrat) tərəfindən təsdiqlənməlidir.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
22
1
azertag.az

2Mənbələr