AZ

“Araz-Naxçıvan” qələbəni unudur

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında növbəti dəfə xal itkisi ilə üzləşib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Şamaxı” ilə matçda heç-heçə edib – 1:1.

Buna qədər çempionatda son beş oyunda qələbə qazana bilməyən naxçıvanlılar oyuna daha istəkli başlayan tərəf idi. Komanda ardıcıl hücumlarla erkən qol vurmaq niyyətində olduğunu göstərirdi. İrəlidə effektiv oynayan “Araz-Naxçıvan” fasiləyə qədər önə keçməyi bacardı. Vandersonun gözəl məhsuldar ötürməsini Bernardo Dias topa qovuşdurdu.

İkinci hissə isə qonaqların üstünlüyü ilə başladı. Son iki turda qələbə qazanan “Şamaxı” kəsərli hücumlarla təhlükə yaratmağı bacarırdı. Sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışan “şirlər” istəyinə standart vəziyyətdən sonra çatdı. Cəlal Hüseynovun başla zərbəsi hesaba tarazlıq gətirdi. Bundan sonra iki komandanın da önə keçmə şansı olsa da, imkanlar dəyərləndirilmədi. Xüsusilə “Şamaxı” ikinci hissədə kəsərli hücumları ilə diqqət çəkdi.

“Araz-Naxçıvan” avrokubok mübarizəsində daha bir xal itirdi. Ən yaxın izləyicisi “Turan Tovuz”u bir oyun çox keçirməklə 4 xal üstələyən Naxçıvan təmsilçisi mövqeyini təhlükə altına salıb. “Turan Tovuz” bu turda azarkeşləri önündə “Sumqayıt”la qarşılaşacaq və komandanın qələbə şansı çoxdur. Bu tur komandalar arasındakı fərq minimuma enə bilər.

“Şamaxı” isə elitada qalmağı demək olar, təmin etməkdədir. “Şamaxı” autsayder “Səbail”i bir oyun çox keçirməklə 10 xal qabaqlayır.

Şahin Cəfərov

Seçilən
31
futbolpress.az

1Mənbələr