AZ

Yenə dönər, yenə kütləvi zəhərlənmə: qidanı zəhərə döndərən mərəz...

Bir gün öncə Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib. Hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. İlkin məlumatlarda qeyd edilir ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Zəhərlənən şəxslər rayon sakinləri 2021-ci il təvəllüdlü Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-cü il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə  həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Dönərdən kütləvi zəhərlənmə hadisəsi ölkəmiz üçün bir ilk deyil. Son bir il ərzində Azərbaycanda dönərdən zəhərlənmə halları ilə bağlı bir hadisələri qeyd etmək yerinə düşər. Belə ki,

2024-cü ildə 16 oktyabr, Tovuz rayonunun Qovlar şəhərində yerləşən dönərxanada toyuq dönəri yeyən 18 nəfər zəhərlənmişdi. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib, hadisə ilə bağlı araşdırmalar aparılıb. Eyni ilin noyabrın 26-da  Zaqatala rayonunda üç nəfər dönər yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisənin baş verdiyi dönərxananın fəaliyyəti məhdudlaşdırılıb və araşdırmalar aparılıb.

Düzdür, bu kimi halların qarşısının alınması üçün bir sıra tədbirlər də görülüb. Misal üçün, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2024-cü ilin noyabr ayında dönər istehsalı üçün istifadə olunan ətin yalnız qeydiyyatdan keçmiş və təsdiq edilmiş kəsim məntəqələrindən alınmasını tələb edən qərar qəbul edib. Bundan əlavə, dönərlik ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənədin təqdim edilməsi məcburi sayılıb. Bu qaydalara əsasən, çiy dönərin hazırlanması bölməsində istifadə olunan avadanlıqlar yalnız “çiy ət” üçün xüsusi olaraq nişanlanmalı və müəssisənin digər hissələrində istifadəsinə yol verilməməlidir. Ət emalında iştirak edən bütün avadanlıqlar hər emal sonrası və ya üç saatdan artıq fasilələrdən sonra xüsusi mərhələlərlə təmizlənməli və dezinfeksiya olunmalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Bütün bunlara baxmayaraq, dönərdən kütləvi zəhərlənmələr yenə də baş verir. Bəs niyə bu tədbirlər effekt vermir?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Bunun səbəbi qanunvericiliklə bağlıdır. 3 mart 2025-ci ildə Milli Məclisdə Ombudsmanın insan hüquqlarına dair hesabatı dinlənilərkən, 101 səhifəlik materialda bir dəfə də olsun istehlakçı hüquqları haqqında danışılmadı. Mən buna etiraz etdim və qeyd etdim ki, istehlakçı hüquqları dünyanın hər bir ölkəsində, o cümlədən Azərbaycanda ən çox pozulan insan hüquqlarından biridir.  Çünki bu hüquqlar Ombudsmanın hesabatında belə yer almır. Mən bunu ciddi tənqid etdim. Bütün bunlar - qanunvericiliyin zəif olması, Qida Təhlükəsizliyi Agentliyinin əl-qolunun bağlı olması, istədiyi vaxt yoxlamalar keçirmək imkanının olmaması - elə bir vəziyyətə gətirib çıxarır ki, bu cür zəhərlənmələr davam edir.

Biz hər ay bunun şahidi oluruq. Tək bu ilin əvvəlində,  10 gün ərzində 18 nəfər spirtdən zəhərlənərək ölüb. Yəni, bu, çox geniş yayılmış problemdir.  Problemlər ondan ibarətdir ki, istehlakçı siyasəti ilə bağlı qanunlarda dəyişikliklər, tənzimləmələr aparılmalıdır. Digər bir səbəb AQTA-nın qidanın keyfiyyət və təhlükəsizliyinə kifayət qədər nəzarət etməməsidir. Ona görə də Azərbaycan vətəndaşları ümumdünya göstəricisində heç də uzunömürlülər siyahısında deyil. Belə ki, 190 ölkə sırasında 115-ci sıradayıq. Statistikaya görə azərbaycanlılar apteklərdə, həkimlərdə daha çox olur. Bu o deməkdir ki, bizim qidalarımızda çatışmazlıqlar var. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyinin cəld yoxlama mexanizmi yoxdur. Dönərxanalardakı zəhərlənmələrin başqa səbəbləri isə hökumətin biznes qurumları üçün yaratdığı toxunmazlıq şəraitindən həmin qurumların sui-istifadə etməsidir. Ümumiyyətlə kim hansı bizneslə məşğul olursa dövlətə vergi verməlidir. İnsan sağlamlığı məsələsi arxa planda qalıb. Bilirik ki, dönərlər təkcə ətdən ibarət deyil. Müxtəlif inqrediyentlər qatılır. Misal üçün mayonezin tərkibi, mənşəyi də şübhə altında olur. Mayonezlərin saxlanma şəraiti uyğun temperaturda olmalıdır. Ancaq görürük ki, onlar açıq şəkildə gətirilir, isti dönərxanalarda saxlanılır və zəhərli maddəyə çevrilir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə regionlarda at, eşşək, xəstəlikdən ölmüş heyvanların ətlərinin Bakıya daşınmasını ifşa edib. Amma nazirlik daha fəal iş aparmalıdır, çünki problem hələ bitməyib. Belə ətlərin realizə olunduğu məkanlardan biri də elə dönərxanalardır. Başqa məsələ də üstündən bir gün keçmiş dönərlərin insanlara təqdim edilməsidir. Ümumdünya göstəricisində zəhərlənmə ölkəmizdə 1400 dəfə az göstərilir. Statistika bir daha nəzərdən keçirilməlidir. Yalançı statistikaya son qoyulmalıdır".



Seçilən
16
2
news24.az

3Mənbələr