AZ

Aydın Qəhrəmanov: Protezlə təmin edilən qazilərdə fəsadlaşma halları aşkarlanmayıb

Bakı, 16 mart, AZƏRTAC

Son illər Azərbaycanda atroplastik oynaq əməliyyatlarının sayı kəskin artıb. Təbii ki, bununla paralel fəsadlaşmaların da sayında artım müşahidə olunur. Onlardan ən qorxulusu, ən təhlükəlisi məhz əməliyyat sonrası oynaq infeksiyası - periprostetik infeksiyadır. Bunun müalicəsi həm xəstə, həm xəstə yaxınları, həm də səhiyyə sistemi üçün çox ağır və çətindir. Bütün bunları nəzərə alaraq bugünkü praktik təlim kursunu məhz periprostetik infeksiyalara həsr etdik. Kursda ölkənin müxtəlif regionlarından 150 travmatoloq-ortoped və infeksionist iştirak etdi.

Bunu "AO Trauma" Cəmiyyətinin Azərbaycan üzrə sədri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya bölməsinin elmi rəhbəri, professor Aydın Qəhrəmanov AZƏRTAC-a müsahibəsində deyib.

A.Qəhrəmanovun sözlərinə görə, həmin infeksiyalar əməliyyat sonrası, süni oynaq qoyulduqdan sonra müxtəlif səbəblərdən yarana bilir. Həmin səbəblərin araşdırılması, müalicəsi, ortadan qaldırılması yolları bugünkü kursun mövzusudur.

"Vətən müharibəsindən sonra protez qoyulan yaralıların sayı çox olmadı. Oynaqdaxili yaralanma zamanı protezlər tətbiq olunurdu. Yaralılarda daha çox sümüyün oynaq deyil, digər hissələri daha çox zədələnmişdi. Nadir hallarda oynaq zədələnməsi qeydə alındı ki, onlar da protezlərlə təmin olundu. Protez qoyulan qazilərdə fəsadlaşma halları aşkarlanmadı, böyük problemlər yaşanmadı", - deyə professor sözlərinə yekun vurub.

ABŞ-ın Diz və Bud-Çanaq Assosiasiyasının prezidenti, Tomas Jefferson Universitetinin professoru Cavad Pərvizi isə bildirib ki, protezdən sonra infeksiya olması çox böyük problemdir: "Buna görə də bu gün müzakirələr apardıq, xəstənin bədənində infeksiya yaranmasının qarşısını almaq üsullarından danışdıq. Bir çox infeksiyalar xəstənin öz bədənindən gəlir, əsasən diabet kimi xəstəliklər olanda meydana çıxır. Odur ki, xəstənin immun sistemini probiotiklər və digər üsullarla gücləndirmək lazımdır. Bu, bir çox infeksiyanın yaranmasının qarşısını almağa kömək edir".

Seçilən
5
1
azertag.az

2Mənbələr