Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev vəfat edib.
Bu barədə Publika.az-a onun yaxınları məlumat veriblər.
Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçüb. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.
Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.