Yəməndə İran tərəfindən dəstəklənən Husilər, ABŞ-yə məxsus "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini son 24 saat ərzində ikinci dəfə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıblar.
Sfera.az "Akşam"a istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Yahya Səri verdiyi bəyanatda, ABŞ-nin Yəmənə qarşı hücumlarına cavab olaraq və Bədr döyüşünün ildönümü münasibətilə Qırmızı dənizin şimalında yerləşən təyyarədaşıyan gəmisinə ballistik və qanadlı raketlər, həmçinin PUA-larla hücum təşkil edildiyini bildirib.
Səri qeyd edib ki, bu hücum nəticəsində ABŞ-nin Yəmənə qarşı yeni hücum planı iflasa uğrayıb və raket zərbələrindən sonra ABŞ qırıcı təyyarələri geri çəkilməyə məcbur olub.
Husilərin lideri Abdulmelik əl-Husi isə açıqlamasında, ABŞ-nin hücumlarının qarşılıqsız qalmayacağını, əksinə, hərbi eskalasiyanın daha da artırılacağını vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 15-də "Truth Social" hesabında Yəməndəki Husilərə qarşı “genişmiqyaslı hücum əməliyyatı” keçirmək üçün ordusuna göstəriş verdiyini açıqlamışdı.
Husilər isə ABŞ və Böyük Britaniyanın Səna da daxil olmaqla bir neçə şəhərə təşkil etdiyi hava hücumları nəticəsində 53 nəfərin öldüyünü, 98 nəfərin isə yaralandığını bildiriblər.
Bəsti Rəfizadə