Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.
Bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib.
Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib. Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.
Xatırladaq ki, Qabil Məmmədov və Tural Sadıqlı da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Beləliklə, onlar qanunauyğun şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycandan kənarda olan bir qrup şəxs özlərini cəzasızlıq mühitində hiss edirlər:
“Onlar nə istəsələr edə və deyə biləcəklərini zənn edirlər. Heç bir fakt və sübut olmadan ancaq boş-boş danışırlar. Həmin şəxslər yaşadıqları ölkələrin həmişə onları müdafiə edəcəklərini gözləyirlər. Lakin bəzi Avropa ölkələri onlardan sadəcə alət kimi isifadə edirlər.
Yəni həmin ölkələr öz maraqlarına və ideyalarına uyğun şəxsləri müdafiə etməklə məşğuldurlar. Onları kimin maliyyələşdirməsindən və sifariş verməyindən asılı olmayaraq, insanın özünü daxili senzurası, mənəviyyatı və mədəniyyəti olmalıdır. Əgər sübut olmadan ağızlarına gələni danışırsansa, deməli, həddindən artıq mənəviyyatsız adamsan. Hansı ki, onların danışdıqlarının hamısı tamamilə yalandır”.
Partiya sədri vurğulayıb ki, xaricdəki “söyüş müxalifəti”nin üzvləri ölkəyə gətirilməli və məhkəmə qarşısında cavab verməlidirlər:
“Hesab edirəm ki, onlar ölkəyə gətirilməli və layiqli cəzalarını almalıdırlar. Azərbaycan bütün məsələlərdə hüquqi prosedurlara əməl edir. Ona görə də məlum şəxslər qanunauyğun olaraq ilk növbədə onlar Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət çağırıldılar.
Gəlməyəcəkləri təqdirdə isə daha sonra həm Azərbaycan, həm də beynəlxalq hüququa uyğun olaraq addımlar atılacaq. Onların Azərbaycana gətirilməsi çox yaxşı olar. Həmin şəxslərin hər biri Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. İnsanları təhqir etdiklərinə, Azərbaycan dövlətinə qara yaxdıqlarına və yalan ifadələr işlətdiklərinə görə cavab verməlidirlər. Ümumiyyətlə, onlar Azərbaycan dövləti qarşısında cinayətkardırlar. Çünki öz millətinə və dövlətinə qarşı başqalarının sifarişi yerinə yetirərək vicdansız hərəkətlər edirlər”.