Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında və eyni zamanda, bu forum çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi praktik və konseptual fikirlər yeni qlobal dünya düzəninin formalaşması və Azərbaycanın bu prosesdəki yeri barədə real təsəvvürlər formalaşdırmaqla yanaşı, hazırkı beynəlxalq hüquqi nihilizm və xaos durumundan çıxış yollarını öyrənmək baxımından ciddi əhəmiyyət kəsb edir. Dövlət başçımızın fikirlərini dünya birliyi üçün ümumi "yol xəritəsi" hesab etmək olar.
Böyük güclərə, dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara və onların yaratdıqları qlobal sistemə güvənin azaldığı, etimadın sarsıldığı, beynəlxalq hüququn selektiv tətbiq olunduğu, ikili standartların üstünlük təşkil etdiyi, bu və ya digər ölkələrin müstəqilliyinin və suverenliyinin açıq şəkildə təhdid edildiyi hazırkı qlobal cəngəllik dönəmində Azərbaycanın çevik və optimal xarici siyasəti inkişaf etməkdə olan ölkələr üçün yeni çağırışlara hazırlıqlı olmaq baxımından etibarlı istinad nöqtəsi rolunu oynaya bilər.
Bu gün heç kim qlobal çağırışlardan və təhlükələrdən sığortalanmayıb. Hazırda bütün xalqlar və dövlətlər qlobal transformasiyanın ilkin mərhələsindən keçməkdədir. “Euronews” televiziyasına müsahibəsində bu məsələyə toxunan dövlətimizin başçısı, həmçinin, bu gün Ağ Evdə qəbul edilən qərarların da qlobal düzənə ciddi şəkildə təsir göstərdiyini bildirdi: “Bu qərarlar Avropa Birliyinə, Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdə baş verənlərə birbaşa təsir göstərir. Bütün bunlar onu göstərir ki, dünya düzəni dayanıqlı deyil, etibarlı prinsiplər, bağlar üzərində qurulmayıb”.
Məhz dayanıqlılığın mövcud olmaması üzündən bu gün BMT, NATO, Avropa İttifaqı (Aİ) kimi nüfuzlu beynəlxalq təşkilatlar, qlobal ittifaqlar artıq tənəzzül dövrünə qədəm qoyublar. Beynəlxalq hüquq da çöküb, formal mövcuddur. Bu isə həm ayrı-ayrı dövlətlər üçün, həm də bütövlükdə bəşəriyyət üçün dezorientasiya, yolsuzluq təhlükəsi yaradır. Hazırda dünya böyük okeanda istiqamətini itirmiş kompassız gəmiyə bənzəyir. Ayrı-ayrı dövlətlər əvvəllər heç vaxt rastlaşmadıqları yeni situasiya ilə üzləşir, “kimə inanmalı”, “nəyə arxalanmalı”, "necə hərəkət etməli" kimi suallarla qarşılaşmalı olurlar. Dünyanın aparıcı dövlətlərinin himayəsinə sığınıb, dəstəyinə arxalanıb hərəkət edən ölkələr bu gün təəssüf ki, meydanda təklənir. Belə bir kritik məqamda Azərbaycan həqiqətən də bir çox dünya dövlətləri üçün rol-model missiyasını yerinə yetirə bilər.
Bizim ölkəmizin uğurlu təcrübəsi inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. Belə ki, bu təcrübəyə əsaslanaraq inkişaf etməkdə olan dövlətlər öz müstəqil yolunu müəyyənləşdirməli və bərabərhüquqlu, yeni əməkdaşlıq münasibətlərinə, ikitərəfli və regional əlaqələrə üstünlük verməlidirlər. Azərbaycan dünyanın bir çox ölkələri ilə həm ikitərəfli əlaqələri inkişaf etdirməklə, həm də türk dövlətləri və müsəlman ölkələri ilə sıx inteqrasiya xəttini yürütməklə etibarlı dostluq və əməkdaşlıq formatlarının təşəkkülünə nail olub. Bizim ölkəmiz eyni zamanda, Qoşulmama Hərəkatında da böyük nüfuz sahibidir. Bütün bu formatlar Azərbaycana tam müstəqil siyasət yürütməyə və heç kimdən asılı olmamağa imkan verir. Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir supergücün himayəsinə sığınmağa can atmır. Bu da ölkəmizə Cənubi Qafqazın lider ölkəsi statusunu qazandırır. Biz ilk növbədə öz potensialımıza, milli gücümüzə arxalanırıq.
Prezident İlham Əliyev həm forumdakı çıxışında, həm də müsahibəsində hazırda dünyada geosiyasi vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda müstəqil dövlətlərin də öz prioritetlərini məhz bu dəyişikliklərə uyğunlaşdırmalarının və ilk növbədə öz daxili imkanlarına əsaslanmalarının vacibliyini önə çəkdi. Belə ki, dövlətimizin başçısı vurğuladı ki, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa da arxalanmamalıdır. Çünki beynəlxalq hüquq artıq işləmir. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın isə öz uğurlu gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Bir sözlə, bu gün öz gücünə, öz resurslarına yox, böyük dövlətlərin dəstəyinə ümid bəsləmək istənilən ölkəni ərazi bütövlüyü və suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qoya bilər. Ukraynanın acı təcrübəsi buna əyani sübutdur.
Müstəqilliyini bərpa etmiş ölkələr dünyanın aparıcı dövlətlərinin himayəsinə sığınıb, onların dəstəyinə arxalanmaqla dayanıqlı təhlükəsizlik zəmanəti əldə etdiklərini düşünməkdə yanılırlar. Bu gün heç bir böyük dövlət himayədarlıq etdiyi bu və ya digər ölkənin tam təhlükəsizliyinə zəmanət verə bilməz. Qarantorluq dövrü artıq başa çatıb. Ona görə də ayaqda qalmaq və qalib olmaq istəyən hər bir ölkə ilk növbədə məhz özü güclü olmalıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri bunun parlaq nümunəsidir. Bəli, ədalətin təntənəsi güclü olmaqdadır!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri