AZ

Təsviri sənətimizin dilmancı

...Prezident sərəncamı ilə 200 illik yubileyini qeyd etdiyimiz görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani haqqında sənətşünaslıq üzrə fəklsəfə doktoru Ziyadxan Əliyevə məqalə sifariş etmək istədik. Buna görə də ötən həftə özünə zəng etdik. Telefonun o başından qızı Aysel Ziyadxanlının səsi gəldi: “Atam xəstələnib, bu üzdən də, təəssüf ki, sizinlə danışa bilməyəcək” – deyib ağladı. Çox kədərləndik və şəfalar dilədik. Dünən səhər isə Ziyadxan müəllimin artıq haqqın dərgahına qovuşduğunu eşitdik. Yadımıza bu misralar düşdü:

Ağla qara arasında
Rənglər ağlatdı bizi,
Rənglər aldatdı bizi…

Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırıcısı Ziyadxan Əliyevi də belə itirdik. O, 1948-ci il iyulun 1-də Şəmkirdə anadan olub. Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra V.Surikov adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində fəaliyyətə başlayıb. Əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Dünya rəssamlığının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərib.

Jurnalistlərin dostu olan Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Tələbəlik illərində “Qobustan” jurnalında “Şamaxının qədim abidələri” adlı ilk məqaləsi çap edilib. Radio və televiziyada çıxışları daim maraqla dinlənilirdi. Onun 100-dən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub. “Mir Mövsüm Nəvvabın rənglər aləmi” kitabında rəssamın bütün irsi ətraflı təhlil edilib. Səttar Bəhlulzadəyə həsr olunmuş “Naməlum Səttar” və “Sənətin Məcnunu” kitabları böyük diqqətlə qarşılanıb. “Boyalı gülüşlər” də eləcə. Ümumiyyətlə, 20-dən artıq kitabı işıq üzü görüb. Elmi-pedaqoji fəaliyyəti də geniş olub. Gənc sənətşünasların yetişməsində müstəsna xidmətlər göstərib. Müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin hüdudlarından uzaqlarda təşkil olunan sərgilərin təşkilində yaxından iştirak edib.

Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.

Allah rəhmət eləsin.

Əli NƏCƏFXANLI
XQ

Seçilən
1
xalqqazeti.az

1Mənbələr