Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı qaydası dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
Layihəyə əsasən, Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında aparılacaq.
Qeyd edilib ki, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur. “Baytarlıq haqqında” qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilib və qeydiyyatın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
Mina Mikayılova