
“PAŞA Bank” ASC-nin Müşahidə Şurasının tərkibində növbəti dəyişikliklər baş verib.
Yeniavaz.com xəbər verir ki, 18 mart tarixindən etibarən Mir Camal Paşayev “PAŞA Bank”ın Müşahidə Şurasının sədri vazifəsindən ayrılıb.
Bankın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev təyin olunub.
Qeyd edək ki, Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq, bu günə kimi, 18 ildir ki, “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub.
“Cənab Paşayev “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini kimi vəzifələrinin icrasına və PAŞA Qrupda digər istiqamətlər üzrə fəaliyyətinə davam etdirəcəyini bildirib”, - bankın məlumatında deyilir.
Xatırladaq ki, “PAŞA Bank”ın Müşahidə Şurasının yeni sədri Rövşən Allahverdiyev 2013-cü ilin iyun ayından 2023-cü ilin may ayınadək “Kapital Bank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2023-cü ilin may ayından etibarən Rövşən Allahverdiyev bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Hazırda R.Allahverdiyev “PAŞA Holding”in Baş İcraçı Direktorunun müavini vəzifəsində çalışır.
Hal-hazırda “PAŞA Bank”ın Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
Rövşən Allahverdiyev, Müşahidə Şurasının sədri;
Şahin Məmmədov, Müşahidə Şurasının üzvü;
Nəriman Sərdarlı, Müşahidə Şurasının üzvü;
Şirin Əliyeva, Müşahidə Şurasının müstəqil üzvü;
Corc Cosef Haimari, Müşahidə Şurasının müstəqil üzvü.
Qeyd edək ki, “Kapital Bank” ASC-nin rəhbərliyində də dəyişiklik olub.
Belə ki, Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib. O bu vəzifədə Rövşən Allahverdiyevi əvəzləyib.
Fərid Məmmədov həmçinin, “PAŞA Holdinq”in Direktorun Müavini, “PAŞA Bank Türkiyə” və “PAŞA Texnologiya”nın Müşahidə Şuralarının üzvü vəzifələrini icra edir.

